Adamlıq Dini

Adamlıq dinindəki ortaq psixologiya və davranış formaları

Adamlıq Dini — tam mətn

Adamlıq dinindəki ortaq psixologiya və davranış formaları

Adamlıq dinindəki ortaq psixologiya və davranış formaları

Adamlıq dininin həyat fəlsəfəsi və qaydaları Quran əxlaqına tamamilə zidd olan batil bir inancdan qaynaqlanır. Bu şeytani inanc insanın bütün həyatına hakim olan, cəmiyyətdə də təbii görünən bir düşüncə tərzidir. Quranın bir çox yerində pis əxlaq modeli olaraq təsvir edilən davranış və hərəkətlər adamlıq dinini yaşayan kəslər tərəfindən çox vaxt üstünlük olaraq qəbul edilir.

Bu batil din qaydaların hakim olduğu bir həyat tərzidir. Cəmiyyət böyük qismi atalarından miras qalmış bəzi qaydalara sahibdir. Bu qaydalar isə: ““Biz atalarımızı bir din üzərində gördük və biz də onların ardınca getməkdəyik!” – dedilər. (Zuxruf surəsi, 23)” - deyən inkarçı cəmiyyətlərə bənzər şəkildə, sanki ilahi bir hökm kimi qorunur.

Bu qaydalardan kənara çıxmaq elə də asan olmur. Yemək mədəniyyətindən, yatmaq vaxtlarına, sevgi və hörmət göstərmək tərzindən, dost seçiminə, qonaq qəbul etmə qaydasına qədər, həmişə daha əvvəldən təyin olunmuş qaydalara görə yaşayırlar. Bu batil dini seçən hər kəs cəmiyyətin böyük əksəriyyəti tərəfindən qəbul edilən ortaq bir üslubu və davranışı mənimsəmək məcburiyyətindədir. Hətta bu davranışları ustalıqla icra etmələri üstünlük olaraq qəbul edilir. Seçimlər Allah’ın razılığına görə deyil, adamlıq dininin qoyduğu haqq olmayan ölçülərə görə edilir. Bu düzgün olmayan yanlış anlayış adamlıq dininə tabe olanlarda xarakter və davranış pozuntularına səbəb olur. Aşağıda bunların ən çox nəzərə çarpanlarını əsas başlıqlarla araşdıracağıq.

1- SÜNİ MÜNASİBƏT VƏ DAVRANIŞLAR

İslam dinindəki təbiilik və səmimiyyət əvəzinə adamlıq dinində səmimiyyətdən tamamilə uzaq, hər biri xüsusi olaraq seçilən və zamanla xarakterin bir hissəsinə çevrilən süni münasibət və davranışlar vardır.

Adamlıq dininə mənsub olan insan səhv düşüncənin nəticəsi olan bu süni hərəkət və mimikaları, səmimiyyətsiz üslubu ilə ilk baxışda özünü büruzə verir. Bu süni hərəkət və davranışların hər biri diqqəti cəlb etmək, özünü göstərmək, mənfəət güdmək və s. kimi müəyyən məqsədlər üçün istifadə edilir.

Eyham vurmaq

Adamlıq dinində hisslərin çox vaxt danışıq yolu ilə deyil, baxış və davranışlarla ifadə edilməsi əsasdır. Bunun səbəbi, insanın keçirdiyi bir çox duyğunu açıq şəkildə bildirməyi qüruruna sığışdırmamasıdır. Buna görə, duyğularını eyhamlı hərəkət və davranışlarla bildirir. Bu davranış pozuntuları adamlıq dini mənsublarının əsas şəxsiyyət tərzini təşkil edir. Əsəbiləşmək, qısqanmaq, etinasızlıq, heyranlıq kimi hisslər bəzən belə hərəkətlərlə ətrafa bildirilir.

Əsəbiləşdikdə qapıları çırparaq bağlamaq, hirsləndiyini büruzə verəcək baxışlarla baxmaq, cavab vermədən yoluna davam etmək, əsəbi olduğunu bildirmək üçün səs tonunu mümkün olduğu qədər azaltmaq adamlıq dini insanının ətrafındakılara göstərdiyi davranışların bəziləridir. Ümumiyyətlə, açıq və səmimi üslubun yerinə eyhamlı bildirişlər seçilir.

İslam dinindəki əsilzadəliyin yerinə adamlıq dinində davranışlarda bəsitlik hakimdir. Dostlar arasındakı mübahisədə əsəbiləşib üzünü çevirmək, susub danışmamaq, qapını çırparaq çıxmaq, birdən-birə arxasını çevirib insanlardan uzaqlaşmaq, üzünü turşutmaq və bunu müəyyən bir müddət davam etdirmək kimi səssiz etirazlar, gülünəcək şeylərə qəsdən gülməmək, soruşulan suallara eşitdiyi halda cavab verməmək və ya səhv cavablar verib qarşı tərəfi bezdirmək kimi bəsit və bayağı hərəkətlər bunlardan bir neçəsidir.

Üstünlük etmək və alçaltmaq

Adamlıq dininin mənsubları gün ərzində davamlı olaraq bir-birlərinə qarşı üstünlük etməyə, dayanmadan qarşı tərəfi alçaltmağa çalışırlar. Çünki ancaq qarşı tərəfi əzdikləri təqdirdə yüksələcəklərini düşünürlər.

Əsəbi görünmək, çox məşğul və özünü kiminsə hərəkətinə dözə bilmirmiş kimi göstərmək iş yerinin sahibi və ya yuxarı vəzifədəki şəxslər tərəfindən öz işçilərinə, əmrində işləyənlərə qarşı edilir. Qarşı tərəfi adam yerinə qoymadığını bildirən hərəkətlər etmək də adamlıq dinində məqbul sayılır. Bir neçə nəfərin yanında danışarkən yalnız müəyyən şəxslərə xitab edərək, onlara baxaraq danışmaq, müəyyən kəsləri sanki o mühitdə yox saymaq adamlıq dininin alçaldıcı davranışlarındandır. Qarşısındakının maraqlandığını bildiyi bir mövzunu ona baxmadan yanındakılara izah etmək də tez-tez təkrar olunan hərəkətlərdəndir.

Qarşısındakı bir mövzu haqqında danışarkən üzünə baxmadan əlindəki işlə məşğul olmağa davam edib, mümkün olduğu qədər maraqlanmırmış kimi davranmaq, soruşduğu suala eşitdiyi halda cavab verməmək adamlıq dinində mənlik əlaməti olaraq görülür və üstün olmağın yollarından biri olaraq qəbul edilir. Maraqlanmırmış kimi davranmaq bir alçaltma üsulu olaraq həyatın hər mərhələsində böyük bir etina ilə tətbiq olunur. Məsələn, salam verilən şəxs olmaq üçün adam olmaq çox mühümdür. İlk salam verənin qarşı tərəf olmasına diqqət göstərilir. Salamı eşitməzliyə vurmaqdan qarşı tərəfi hörmətdən salmaq metodu olaraq istifadə edilir. Halbuki, Quranda bildirilən əxlaq çox fərqlidir:

Sizə salam verildiyi zaman onu daha gözəl alın və ya (eynilə sahibinə) qaytarın! Şübhəsiz, Allah hər şeyi hesaba alandır.

(Nisa surəsi, 86)

Bəzi süni hərəkət və davranışlarla digər insanlardan üstün olmaq, öz qüsurlarını örtməyə çalışmaq, ancaq Allah və axirət inancına tam olaraq sahib olmayan kəslərdə görünən yanlış düşüncə pozuntusudur. Allah’ı lazımi kimi təqdir etməyən adamlıq dininin mənsubları yalnız Allah’a güvənib Allah’dan başqa heç bir şeydən qorxmayan möminlərin əksinə, daima qorxu, etibarsızlıq, narahatlıq içərisindədirlər. Digər insanlardan aşağı səviyyəyə düşmək, əzilmək, nəzərə alınmamaq kimi narahatlıqlar bu insanların gündəlik həyatında mühüm bir problemdir. Buna görə də daxilən buna qarşı öz ağıllarına görə müdafiə sistemi qururlar. Bu, onların ən zəif nöqtələrindən biridir. Bu zəifliklərini örtmək məqsədilə “ən yaxşı müdafiə hücumdur” kimi yanlış bir məntiqlə hərəkət edirlər.

Adamlıq dinini yaşayan insanların davranış pozuntuları: təkəbbür

🎙 (Cənab Adnan Oktarın “Kanal 35”-dəki (İzmir) canlı reportajı, 2009-cu il, 1 fevral)

Adnan Oktar: İnsanlarda təkəbbür vardır, fironlarda, Nəmrudda da vardır. “Mənəmlik” deyilən bir şeydir təkəbbür. O, bütün vücudu bürüdüyündə insan havalanır. Şüuru qapanır, şeytanlaşır. Bu, dəccalların, fironların və Nəmrudların xüsusiyyətidir. Bəzən insanlarda da olur bu. Yəni o bədən artıq idarəsini itirir, adam qürurdan və özünü bəyənmişlikdən havalanır. Onu idarə edə bilməzsən, ondan sonra şüuru sanki tamamilə qapanır. “Sırf ənaniyyət hakim olur”, - deyir Səid Nursi, yəni bütün vücud ənaniyyətə qapılır özünü bəyənməkdən. Təkəbbürdən havalanır, hər şeydə özünü bəyənir, hər fikrinin doğru olduğunu düşünür. Vardır belə tiplər, bilmirəm, heç rast gəldinizmi? Yəni çox biliklidir, hər şeyi ən yaxşı o bilir, ən ağıllı odur, ən gözəl danışan odur, hər hadisənin ən doğru diaqnozunu o qoyur, özündən üstün varlıq tanımaz. Halbuki, Allah deyir, şeytandan Allah’a sığınıram: “Hər biləndən daha üstün bir bilən vardır”. Amma ona görə, ən yaxşı bilən odur.

Diqqəti özünə cəlb etmək

İctimai mühitdə insanların diqqətini çəkmək, varlığını onlara hiss etdirmək, özünü sübut etmək məqsədilə müraciət edilən süni hərəkət və davranışların ən nəzərə çarpanlarını belə sadalaya bilərik:

Olduğu mühitə zidd davranışlarla fərqli görünməyə, özünə xüsusi bir önəm verməyə çalışmaq, şən, səmimi bir mühitdə ciddi və ağır davranmaq, az danışmaq, ya da ciddi, sərt olmalı mühitdə lazımsız hərəkətlər etmək... Hadisələrə normadan çox reaksiyalar verərək və ya həddindən artıq laqeyd qalaraq diqqəti cəlb etməyə çalışmaq. Daxilən narahat olduğu halda, bir hadisəni son dərəcə normal qarşılamış kimi davranmaq. Davranışlarda anidən dəyişikliklər göstərmək, gülərkən birdən mənasız şəkildə ciddiləşmək və ya sakit ikən birdən şənlənmək, qəhqəhə çəkmək. Normal danışarkən bir anda səs tonunu yüksəltmək və ya həddindən artıq sakit bir səslə danışmağa başlamaq. Bu zaman üz mimikalarında və əl-qol hərəkətlərində də eyni tərzdə davranmağa başlamaq. Fərqli dayanmaq və ya oturmaq. Bununla da diqqəti üzərində saxlamağa çalışmaq. Birindən diqqət görənə qədər yaxınlıq göstərməmək, daha sonra maraqlanmaq, özünə səmimi davranan, yaxınlıq göstərənlərə qarşı laqeyd yanaşmaq, özünə üz verməyənə, aşağı baxana, diqqət göstərməyənlərə yaltaqlanmağa, diqqətini çəkməyə çalışmaq...

İctimai mühitdə diqqəti cəlb etmək üçün istifadə olunan üsullardan bəzilərini də belə sıralaya bilərik:

Özünü məşğul imiş kimi göstərmək, xəstə, narahat, ya da çətin bir vəziyyətdə imiş kimi görünmək, qəsdən səhv etmək, problem çıxarmaq, görmədiyi bir şeyi görmüş kimi izah etmək... Ona maraq göstərilməyən mühitdə diqqət çəkmək üçün və ya hər kəsdən daha fərqli və özəl bir diqqət görmək məqsədilə xüsusi hərəkətlər etmək də bu üsullarından biridir. Bu davranışların hamısında da bəhs olunan adam aktyorluq edərək buna nail olmağa çalışır. Bəzi nümunələr verməli olsaq:

Elə olmadığı halda, təəccüblənmiş, əsəbiləşmiş, sevinmiş, bəyənmiş kimi davranmaq, bunları bildirən mimika və hərəkətlər etmək. Qaşlarını çatmaq, qaşqabağını tökmək, eyhamlı baxmaq, dodaqlarını büzmək, gözlərini süzmək və s... Etiraz edirmiş kimi hərəkətlər etmək, məsələn, birinin özü ilə eyni fikirdə olduğu halda, bir mövzuda qəsdən müxalif çıxmaq kimi...

Hamının bildiyi bəzi xüsusiyyətlərə sahib olduğu halda, bunlardan bəhs etməyib başqalarının bu haqda danışmasını gözləmək. Bu xüsusiyyətlərindən bəhs edilincə təvazökarlıq edirmiş kimi görünmək, bununla da bəhs edilməyən başqa üstünlüklərinin olduğunu, amma “təvazökarlıqdan söyləmir” təəssüratını yaratmaq.

Mənfəət axtarmaq

Əslində, səmimiyyətsiz hərəkətlərin əsas səbəblərindən biri insanlardan gözlənilən müxtəlif mənfəətlərdir. Sevmədiyi, lakin mənfəət umduğu birinə onu bəyənirmiş kimi görünməyə çalışmaq, ona yaltaqlıq etmək, hər fürsətdə özünü bəyəndirməyə cəhd etmək, müdirinə qarşı saxta sədaqət və hörmət göstərmək, şərtlər dəyişdikdə isə gözünü qırpmadan vəfasızlıq etmək adamlıq dini mənsublarına görə adi davranışlardır.

Lovğalanmaq

Bilin ki, dünya həyatı oyun-oyuncaq, bərbəzək, bir-birinizin qarşısında öyünmək və mal-dövləti, oğul-uşağı çoxaltmaqdan ibarətdir. Bu elə bir yağışa bənzəyir ki, onun yetişdirdiyi bitki əkinçilərin xoşuna gələr. Sonra o quruyar və sən onun saralıb-solduğunu, daha sonra çör-çöpə döndüyünü görərsən. (Dünya malına aldananları) axirətdə şiddətli əzab, (dünya malına uymayanları isə) Allah’dan bağışlanma və razılıq gözləyir. Dünya həyatı aldanışdan başqa bir şey deyildir.

(Hədid surəsi, 20)

Yuxarıdakı ayədə adamlıq dininin mühüm bir xüsusiyyəti olan öyünmə və lovğalanmanın insanlar arasında nə qədər geniş yayıldığını göstərir. İslam dinində həyatın ən böyük məqsədi Allah’ın razılığını, adamlıq dinində isə insanların razılığını qazanmaqdır. Bu səbəblə, adamlıq dinində öyünmək həyati əhəmiyyət daşıyır. Ətrafdakılar tərəfindən bəyənilən, təqdir edilən və ya qibtə edilən insan olmaq hər şeydən daha əhəmiyyətlidir. Bu batil dində insanlar ətrafındakılar üçün geyinir, danışır, evini dizayn edir, peşə seçir və ya kitab oxuyurlar. Etdikləri hər işdə ən böyük hədəfləri insanların razılığını qazanmaqdır. Məsələn, kitabxanaya gedib bir kitab seçərkən ən maraqlandıqları mövzuya deyil, ən çox satılan kitaba baxırlar. Hansı kitabı oxuduqlarında daha üstün və dəbə daha uyğun olacağını düşünürlər. Çünki burada kitab oxumaqda məqsəd ədəb, məlumat və ya özünü təkmilləşdirmək deyil, ətrafındakılara danışacaq mövzu tapa bilməkdir.

İnsanların çoxu uşağını tərbiyə edərkən onun səbirli, imanlı, mərhəmətli və ya comərd bir insan olması üçün deyil, səhv olsa belə, ətrafındakı insanlar tərəfindən xoş qarşılanan xüsusiyyətlərə sahib olması üçün cəhd edirlər. Məsələn, ən prestijli məktəbə qoymağa çalışır, qabiliyyəti olmadığı halda, piano dərsinə göndərir, qürurlu bir uşaq yetişdirməyin xoş görünəcəyinə inanırlar. Çünki adamlıq dinində uşaq çox əhəmiyyətli göstəriş səbəbidir. Uşağın yaxşı kollecdə oxuması, bir neçə xarici dil bilməsi, gözəl olması, yaxşı geyinməsi, yoldaşlarının arasında məşhur olması və ya qabiliyyətli olması ata və ananın etibarı baxımından çox əhəmiyyətlidir. Belə ki, adamlıq dini söhbətlərində ata-analar uşaqlarının nə qədər təvazökar, nə qədər şəfqətli və ya nə qədər həlim olduqlarını deyil, insanların qibtə edəcəkləri bu tip xüsusiyyətlərini söyləməyi seçirlər. Bu səbəblə də uşaqlarının əxlaqı ilə deyil, görünüşü ilə maraqlanırlar.

Lovğalanmaq səbəblərindən bir başqası da dəbdəbəli evə sahib olmaqdır. İnsanlar ev seçərkən öz rahatlıqlarından çox ətrafdakı insanların dünyagörüşünə əhəmiyyət verirlər. Hansı mühitdə və neçə mərtəbəli olmasının, mənzərənin görüntüsünün, neçə kvadrat metr olmasının da etibarlarını artıracağını düşünürlər. Evin içini də tamamilə ətrafın dünyagörüşünə görə dizayn edirlər. Başqa rəngi xoşlasalar belə, dəbdə olan rəngi seçir, kreslolar narahat olmasına baxmayaraq, sırf bahalı və dəbdəbəli olsun deyə alır, heç bəyənmədikləri döşəməyə yalnız məşhur bir memarın işlədiyini deyə bilmək üçün dözmək məcburiyyətində qalırlar. Vaxtlarının çoxu bu evin içində keçdiyi halda, sırf bu qədər pul verdikləri qonaq otağı köhnəlməsin deyə qonaq gəlmədikdə bu otağa addımlarını belə atmırlar. Hətta bəzi insanlar mebellərin üzərini örtüb, özləri içəridə kiçik bir otaqda otururlar. Yəni evin yarısını özünü göstərməyə, yarısını da yaşamağa ayırırlar.

Öyünmək insanlar üçün elə böyük həvəsdir ki, ən yaxın gördükləri insanlara belə mütləq özlərini göstərmək istəyirlər. Bunun üçün ən yaxşı üsullardan biri də evə dəvət etməkdir. Gələn insanları görmək istədikləri üçün deyil, yalnız lovğalanmaq üçün dəvət edirlər. Qonaqlığın hər incəliyi bu məqsədə uyğun olaraq hazırlanır. Yeməklər belə ləzzətlərinə görə deyil, varlı görünmək xüsusiyyətlərinə görə seçilir. Burada məqsəd qonaqların bu yeməkdən ləzzət alması deyil, bu yeməyə xərclənən pula qibtə etməsidir. Belə bir məclisdə hər kəs bir-birinin paltarına, ayaqqabısına, çantasının markasına, mebellərə, taxılan ləl-cavahiratlara və ya istifadə etdiyi ətirlərə baxır.

Məclisə gələnlərin bütün danışıqları özünü nümayiş etdirmə yarışını xatırladır. Danışıqlarında hər kəs bir mövzuda özünü göstərmək niyyətindədir. Qadınlar xarici ölkələrə etdikləri səyahətlərdən, getdikləri ölkənin gözəlliyindən, xidmətçi tapmağın çətinliklərindən, dərzilərindən, aldıqları paltarların markalarından, saç ustalarından, zərgərlərə sifariş verdikləri ləl-cavahiratlardan bəhs edərək özlərini göstərməyə və digər qadınları alçaltmağa çalışırlar. Kişilər iş sahəsində qazandıqları müvəffəqiyyətlərlə, çevrələrinin geniş olması ilə, iqtisadi və siyasi mövzulardakı söhbətləri ilə ön plana çıxmağa çalışırlar. Dolayısilə, bu tip adamlıq dini söhbətlərində səmimiyyət və dostluğun olması qeyri-mümkündür. Belə ki, bu tip qonaqlar məclisdən ayrıldıqdan sonra mütləq geridə qalanların qeybətini edirlər. Məclisdəkilərin səmimiyyətsizliyindən, özlərini göstərməyə çalışdıqlarından, nə qədər sıxıldıqlarından, ev sahiblərinin mədəniyyətsizliyindən, evin dekorasiyasının pis olmasından, yeməklərin dadsız olmasından bəhs edirlər. Beləliklə, adamlıq dininin hakim olduğu belə məclisləri son dərəcə bezmiş və narahat şəkildə tərk edirlər.

Çoxbilmişlik

Adamlıq dinini yaşayan insan Quranda bildirilən ağıl və anlayışdan olduqca uzaqdır. Buna baxmayaraq, bu insanlar öz ağıllarını çox bəyənir və özlərini digər insanlardan ağıllı zənn edirlər. Adamlıq dini mənsubu hər kəsə hər mövzuda fikir verəcək bir ağıla sahib olduğunu düşünür. Başına gələnlərdən öz fikrinə görə çıxardığı nəticələrlə həyat təcrübəsi qazandığını sanır. Hər kəsə fürsət düşən kimi bu təcrübəni sübut etməyə çalışır. Burada ağıl, zəka, əxlaq və mədəniyyət kimi xüsusiyyətlər ikinci dərəcədə qalır. Əsas yeri yaş amili tutur. Bu sözdə üstünlük “sən gedən yolları mən çoxdan qayıtmışam” kimi ifadələrlə vurğulanır.

Fikrini bildirdiyi bir mövzuda haqsız olduğu məlum olsa belə, haqsızlığını qəbul etdiyi çox nadir rast gəlinən bir haldır. Yanılmaq, səhv etmək, haqsızlığının ortaya çıxması adamlıq dininə mənsub olan insanının meyarlarına uyğun deyil. Çünki əhəmiyyətli olan nəticə əldə etmək, həqiqəti ortaya çıxarmaq deyil, əsasən, öz komplekslərinin təmin edilməsidir.

Bu cür mühitdə böyüyən uşaqlarda da daha kiçik yaşlardan bu xüsusiyyətlər meydana gəlməyə başlayır. Məsələn, mədəni, intellektual, varlı, lakin İslam əxlaqından uzaq bir ailənin uşağı, ümumiyyətlə, çoxbilmiş, insanlara yuxarıdan aşağı baxan, özünü hər mövzuda haqlı sanan şəxsiyyət kimi formalaşır. Uşaqlıqdan bu cür böyüyən uşaqlar İslam əxlaqı ilə tərbiyə olunmadıqları təqdirdə bu batil xüsusiyyəti həyatlarının hər dövründə yaşamağa davam edirlər.

Adamlıq dinini yaşayan insanların davranış pozuntuları: eqoizm

🎙 (Cənab Adnan Oktarın Büyükhaber reportajı, 2008-ci il, 12 dekabr)

Adnan Oktar: Materialist-darvinist düşüncə avtomatik olaraq eqoistliyi, yəni eqoizm fəlsəfəsini gətirir. “Mən xilas olum, kimə nə olursa olsun”, “mənə toxunmayan ilan min il yaşasın” düşüncəsi yayılır. Eqoistlik çox qorxunc bir şeydir. Çox narahat edən bir şeydir. Eqoist cəmiyyətlər, eqoist insanlar. Eqoist iş rəhbərləri həmişə öz mənfəətlərini güdərlər. Qanun və nizam tanımazlar. Haqq-hüquq tanımazlar, gözəllik, sevgi, şəfqət, mərhəmət, hörmət kimi duyğuları çox lazımsız görərlər. Ona görə də hazırda dünyada yaşanan iqtisadi böhran da bütün gücü ilə bu zəmində böyüyür. Halbuki, insanlar təvəkküllü olsalar, Allah’a təvəkkül etsələr, hər şeydə bir xeyir görsələr, mərhəmətli olsalar, qonşusunu özündən daha çox qorusalar, “qonşusu ac ikən tox olan bizdən deyil” sözünü- Peyğəmbərimizin (s.ə.v) bu gözəl sözünü gözəl bir əxlaq kimi yaşasalar, tamamilə fərqli bir mühit olar. Məsələn, sədəqə verilmir, zəkat çox az verilir, halbuki müsəlmanlar kasıbları qorusalar, insanlara yaxşılıq edərlər. Xüsusilə borcları bağışlayarlar, borcların bağışlanması çox əhəmiyyətlidir. Qorxub dünya malına həvəslənməzlər, qızılı, gümüşü, pulu yığmazlar, onu Allah yolunda istifadə edərlər, çünki Allah’dan gələcəyini ümid edərlər. Ona görə, indi böhran oldu bütün dünyada. Çünki hər kəs pulunu hesablayır, hər kəs qızıl-gümüşünü düşünür, heç kim infaq etmək istəmir, hər kəs qorxu və narahatlıqla böhranın nəticəsini gözləyir. Belə olmaz. Bu, bir xəstəlikdir, yəni tam mənası ilə bir çöküşdür.

🎙 (Cənab Adnan Oktarın Çay tv-dəki canlı reportajı, 2009-cu il, 25 fevral)

Adnan Oktar: ... Məsələn yaşlı bir babaya da şəfqətlə yaxınlaşır, yoldan keçirmək istəyir, əlində ağır yük varsa, onu götürmək istəyir, avtobusda yer verir. Amma dinsiz yetişdirilən, eqoist yetişdirilən biri yaşlı insan görəndə küçəyə baxmağa başlayır. Məsələn, yolda gedirsə, üzünü çevirir, məsələn, adam yaşlıdır, beli bükülüb, ağrıyır, nə olar ki, aslan kimi cavansan, al əlindəkiləri: “Əmi hara qədər istəyirsənsə, aparım”, -de, hörmət və sevgi göstər, insan bundan xoş olur. Allah ona o zaman güc, qüvvət verər, sevinc verər, rahatlıq verər.

Qeyri-sabit davranmaq

Adamlıq dinində insanların davranışlarının qeyri-sabit olması cəlbedici və məqbul sayılır. Bu səbəblə, insanların çoxu, əslində, son dərəcə normal bir şəxsiyyətə sahib olmasına baxmayaraq, xüsusilə sabit olmayan hərəkətlər edir. Çünki bu, ətrafındakı insanlar arasında etibar qazanmasına və təqdir görməsinə səbəb olur. Adamlıq dininin bu yanlış zehniyyəti səbəbi ilə diqqət çəkmək üçün canını təhlükəyə ata bilənlər də vardır. Xüsusilə gənclər dostlarının yanında lovğalanmaq və insanların heyranlığını qazanmaq üçün ağılsız hərəkətlər edirlər. Məsələn, avtomobili sürətlə sürürlər. Qarşıdan gələn avtomobilin üzərinə sürüb son anda kənara çəkirlər. Həm öz həyatlarını, həm də digər insanların həyatını heçə sayaraq özlərinə: “Dəli kimi cəsurdur, ölümdən belə qorxmur”, -dedirtmək istəyirlər. Halbuki, insan, əslində, ölümdən qorxmadığına görə deyil, adamlıq dininin təsirinə qapıldığı üçün bu cür davranır. Ancaq unutmaq olmaz ki, dəli kimi sürətlə hərəkət edərək cəsarətini göstərən gənc elə o anda bir qəza törədərsə, üzündəki bütün o dəlilik gedər, əvəzinə çox ciddi və qorxunc bir ifadə əmələ gələr. Kömək istəməyə və ölməmək üçün dua etməyə başlayar. O anda adamlıq dini tamamilə təsirini itirər və yerini Allah qorxusu alar.

Qeyri-sabit davranmağın başqa bir üsulu da hamının qorxduğu, çəkindiyi biri ola bilmək üçün hərdən əsəblərinə hakim ola bilmirmiş təqlidi etməkdir. Bir mövzuya əsəbiləşdiyində yumruğunu divara vurmaq, şüşəyə yumruq ataraq əlini qanatmaq, əlləri ilə üzünü bağlayaraq bir müddət sakitləşmək, dərhal içki içməyə başlamaq adamlıq dininin etməli olduğu müəyyən davranışlardandır. Hətta çoxları “mən çox əsəbiyəm” və ya “tərs üzüm var, amma hər zaman göstərmirəm” kimi sözlərlə özünü dəli kimi göstərib insanların arasında etibar qazanmağa çalışır.

İnsanın həyatını təhlükəyə atan bəzi idman növləri də bunun üçün seçilir. Çoxları şikəst olmaqdan və ya ölməkdən qorxduğu halda, sırf ətrafındakılara lovğalanmaq üçün bu idmanlara yönəlir. Bununla da adamlıq dini normal ağıla sahib olan insanları da anormal hərəkət etməyə məcbur edir.

Bacarıqsızlıq

Adamlıq dinində varlı insanların bacarıqsız olmalı olduğuna aid yanlış bir inanc vardır. Bu inancın məntiqi bu düşüncəyə əsaslanır: varlı olan insanlar yanlarında mütləq xidmətçi saxlayırlar. Məsələn, yeməklərini özləri hazırlamır, aşpaz hazırlayır. Evlərini özləri təmizləmir, xidmətçi tuturlar.

Paltarları söküləndə özləri tikmir, bir əşya qırıldığında onu yerdən yığışdırmır, bir yerə gedəndə ünvanı sürücüyə verir, yolu tapmağı ondan gözləyir, alış-verişə özləri getmir, evə gətirdir, xəstə olduqda evə xüsusi həkim gətirdir, xəstəyə necə qulluq edilməsini bilmirlər. Avtomobil işləməsə, təkər partlasa, hər hansı bir əşyaya nə isə olsa, bunları düzəltmək üçün mütləq yanlarında işlətdikləri adama müraciət edərlər. Bütün bunlar imkanlı insanlara məxsus həyat tərzidir. Bu səbəblə, başqalarının dəstəyi ilə yaşamağa alışmış bu insanlar nə isə öyrənməyə ehtiyac duymurlar.

Və bu zehniyyət özünü zəngin kimi göstərib lovğalanmaq istəyən bir çox insanın, əslində, bacarıqlı olmasına baxmayaraq, bacarıqsızlıq təqlidi etməsinə səbəb olur. Bu səbəblə, xüsusilə qadınlar arasında əl qabiliyyəti olmayan, heç nə bacarmayan biri kimi görünmək olduqca yayılmışdır. Məsələn, gənc qızın, əslində, bacardığı halda, yoldaşlarının yanında “mən çay dəmləyə bilmirəm, mən yemək hazırlamağı bacarmıram, həyatımda mətbəxə girib nə isə etdiyimi xatırlamıram, mən heç yaxşı tikiş tikə bilmirəm, bu günə qədər əlimə iynə-sap almamışam” kimi ifadələrinin əsas məntiqi budur. Bu şəkildə hər işini başqasına etdirmək imkanı olan zəngin insan görünüşü verməyə çalışırlar.

Bəyənməmək

İnsan bir əşyanı nəyə görə bəyənmir və dəyərsiz görür? Çünki daha yaxşısına malikdir. Məsələn, sarayda yaşayan biri adi mənzili bəyənmir və dizaynını tənqid edir. Ancaq daxmada yaşayan insan üçün gözəl mənzil böyük bir saray hökmündədir. Çünki özü daha pis şərtlərdə yaşayır.

İnsan digərlərinin ağlını niyə bəyənmir? Çünki özünün daha ağıllı olduğuna inanır. Digərlərinin fikrini niyə bəyənmir? Çünki özünün daha yaxşı fikirləri vardır. Qarşısındakının gördüyü işi niyə bəyənmir? Çünki özünün daha yaxşı bacarığa sahib olduğunu düşünür. Buna görə, bir şeyi bəyənməmək, ümumiyyətlə, o şeyin daha yaxşısına sahib olmaq mənasını verir.

Bu səbəblə, ətraflarına hər şeyin ən mükəmməlinə sahib olan insan kimi görünmək istəyənlər gördükləri heç bir şeyi bəyənmirlər. Hətta bəyənsələr belə, bunu bildirmir, bir qüsur tapıb mütləq tənqid etmək istəyirlər. Məsələn, tanışları ilə birlikdə lüks restorana gedən biri həyatı boyu bu cür lüks bir restorana getməmiş olsa belə, yenə də buranın yeməklərində və ya dekorasiyasında, yaxud da ofisiantın hərəkətlərində qüsur tapmağa çalışır. “Məncə yeməkləri çox yaxşı deyildi, mənzərəsi çox pis idi, yaxşı dizayn edilməyib, insanın ürəyi sıxılır”, - deyib bundan daha yaxşı yerlər görmüş kimi davranır.

Gənc qızlar özlərindən daha gözəl qız gördükdə mütləq onda bir qüsur taparaq öz üstünlüklərini vurğulamaq istəyirlər. Məsələn, saçlarının gözəlliyinə güvənən gənc qız özündən daha gözəl birini gördükdə: “Bu nə saçdır, saç düzümü heç yaraşmır” və ya: “Yəqin saçları bir az seyrəkdir“, -deyərək, əslində, özünün daha üstün olduğunu vurğulamağa çalışır. Boyu uzun olan gənc qız özündən bir az qısa boylu, amma daha gözəl birini gördükdə dərhal: “Boyu balacadır”, - deyərək onu hörmətdən salmağa çalışır.

Adamlıq dininin bu yanlış anlayışına görə, heç kim özündən daha üstün saydığı, daha ağıllı, daha gözəl, daha qabiliyyətli olduğu birinin xüsusiyyətlərini dilə gətirməz. Məsələn, bir yazıçının öz yaşıdı olan başqa yazıçını təriflədiyini, özündən daha ağıllı olduğunu və ya üslubunun özündən daha məqsədəuyğun olduğu haqqında yazısını çətinliklə görə bilərsiniz. Bir sənətçinin öz səviyyəsində gördüyü başqa sənətçini təqdir etməsi, daha gözəl və qabiliyyətli olduğunu söyləməsi çox nadirdir. Ancaq bu insanların bir-birlərini var gücü ilə tənqid etdiklərini görərsiniz. Məsələn, bir psixoloq digərinin üslubunu bəyənməz, bir televiziya kanalı digər kanallardakı aparıcılarda mütləq qüsur tapar. Bunun səbəbi öz qabiliyyətlərini, ağıllarını və ya mövqelərini üstün göstərmək cəhdidir.

2- DANIŞIQDA NÖQSAN

Danışmaq insanların fikir, düşüncə və duyğularını, istək və arzularını bildirmələrinə, bir-birləri ilə ünsiyyət qurmalarına kömək edir. Halbuki, adamlıq dinində danışmaq bu əsas məqsədlərindən əlavə, bu insanların yanlış psixologiyasını ətrafdakılara bildirmək vasitəsidir. Adamlıq dinini yaşayan insanın bütün kompleksləri, şəxsiyyət pozuntuları, psixoloji problemləri danışığı əsnasında ortaya çıxır. İnsanların böyük əksəriyyəti özünü insanlara olduğundan fərqli və üstün göstərmək arzusundadır. Bu göstəriş münasibət və davranışlarla olduğu kimi, həm də danışıq yolu ilə həyata keçirilir. Bu hissədə adamlıq dini fərdlərinin danışıqlarını üslub, davranış, mimika və digər xüsusiyyətləri baxımından araşdıracağıq.

Adamlıq dinini yaşayan insanların davranış pozuntuları: mədəniyyətsizlik və ədabazlıq anlayışı

🎙 (Cənab Adnan Oktarın Kral Karadeniz - dəki canlı reportajı, 2009-cu il, 6 mart)

Adnan Oktar: Bəzən elə tiplər görürəm ki, həqiqətən, mədəniyyətsiz və cahildir, amma qulağına sırğa taxmış, saçına da jele vurmuş, köynək geymiş, sözləri yavaş-yavaş deyir, maraqlı danışıq tərzi əmələ gətirmişlər. Çox müasir görünüşlü, amma tamamilə cahil və mədəniyyətsiz. Mən saçını düzəltməsinə bir şey demirəm, yaxud kəsməsinə. O xoşuna gəlirsə, etsin. Köynək geyməsinə də, qulaqlıq taxmasına da. Xoşuna gəlirsə, etsin. Amma bununla müasir olduğunu zənn etməsi çox anormaldır. Çünki müasirlik sevgi dolu olmaq, mərhəmətli, şəfqətli olmaq, diqqətli olmaq, təmizliyə diqqət etmək, digər insanları narahat etməmək, Yaradandan ötrü yaradılmışları sevmək, çiçəklərə, bitkilərə, uşaqlara, gözəlliklərə, hər şeyə qarşı heyranlıq duymaq, onları qorumaq, hadisələrin çətin tərəflərini görmək - budur müasirlik.

Süni və səmimi olmayan danışıqlar

Adamlıq dini qəliblər dinidir. İnsan bu qəlibləri mənimsədiyi və tətbiq etdiyi zaman cəmiyyətdə qəbul edilir və rəğbət qazanır. Münasibətlərdə çox əhəmiyyətli bir yer tutan danışıqda da bu batil dinin özünəməxsus saysız formaları vardır. Adamlıq dinində danışıqlar mühit və vəziyyətə görə bu qəliblərdən uyğun olanların seçilməsi ilə meydana gəlir. Danışanın istifadə etdiyi sözləri, həqiqətən hiss edib-etmədiyi heç əhəmiyyətli deyil. Adamlıq dini mənsubunun hiss etdikləri zahirən fərqli olduğu üçün –başqa sözlə, içi və üzü eyni olmadığı üçün- bir mənada ikiüzlü olur. Normal insan üçün ikiüzlülük hər nə qədər utanmalı bir hal olsa da, adamlıq dinini yaşayan biri utanılası vəziyyətə düşdüyünün fərqində olmur.

Adamlıq dinində nifrət etdiyi halda, sevirmiş kimi görünməyi, sevdiyi halda, sevmirmiş kimi görünməyi, əhəmiyyətsiz hesab etdiyi halda, hörmət göstərməyi, kədərlənmədiyi halda, kədərlənmiş kimi, sevinmədiyi halda, sevinmiş kimi davranmağı, içindən gəlmədiyi halda, gülüb qəhqəhə çəkməyi və ya ağlamağı, heç təsirlənmədiyi halda, çox təəccüblənmiş kimi görünməyi öyrənir. Mühitin tələbinə görə də bu öyrəndiklərini tətbiq edir.

Qarşısındakılar da eyni xüsusiyyətə sahib olduqları üçün sünilik və səmimiyyətsizliyə əhəmiyyət verməyib təbii qarşılayırlar. Özlərinə növbə çatdığında da eyni saxta və süni xarakteri göstərməkdən çəkinmirlər. Səmimiyyətsiz danışıq növlərinin bəzilərini göstərə bilərik:

Hadisələri izah edərkən daha çox diqqət çəkmək üçün qabarıq üslubdan istifadə etmək. Sadə bir şeyi əhəmiyyətli imiş, əhəmiyyətli bir şeyi də sadə imiş kimi izah etmək. Danışarkən doğma dilində qarşılıqları olsa belə, xarici sözlərdən istifadə edərək xarici dil bildiyini bildirmək...

Bilmədiyi mövzulardan bəhs edilən zaman bilirmiş kimi davranmaq, o mövzu haqqında eşitdiyi bir şeyi əlavə edib sanki bütün mövzu haqqında məlumatı varmış kimi lovğalanmaq. Danışılanlardan təsirlənmədiyi halda, süni reaksiyalar vermək və hiss etmədiyi halda, heyrət, bəyənmə, qınama, kədərlənmə, təsdiqləyici ifadələrdən istifadə etmək. Məsələn, əslində, təəccüblənmədiyi halda, “doğurdan?”, “aa, inanmıram”, “məəttəl qaldım” kimi ifadələrdən istifadə etmək.

Bunların çoxu səmimi olaraq hiss edildiyi üçün deyilmir. Əslində, qarşı tərəf də bu sözlərin süniliyindən xəbərdardır. Ancaq əsas olan bu qəliblərdən yerində və ustalıqla istifadə edilməsidir. Səmimiyyətsizlik və ikiüzlülük adamlıq dinində elə təbii hal almışdır ki, səmimi görünən birinə rast gəldikdə onun bu xüsusiyyətindən fövqəladə bir hadisə kimi bəhs edilir. Adamlıq dininin yaşandığı mühitlərdə insan səmimiyyətsizliyi qədər cəmiyyətdə müvəffəqiyyətli olur. Cəmiyyətdə insanların heyran olduğu bir mövqe qazanan insanların çoxu bu qaydaların tətbiqində ustalaşmışlar. Yoldaşının vəzifəsi, zənginliyi, uşaqlarının məktəbdəki uğurları, tətil yerləri, ictimai əlaqələr və fəaliyyətlər qabarıq şəkildə ifadə edilir. Süni danışıq növlərinə aşağıdakıları da əlavə edə bilərik:

Qarşı tərəfin zarafatlarına ayıb olmasın deyə və ya ondan çəkindiyi və ya ona yaltaqlanmaq üçün məcburi gülmək, içindən gəlmədiyi halda, süni qəhqəhə çəkmək. Hirslənəndə əsəbi olduğunu səs tonu ilə bildirmək də adamlıq dinində tez-tez rast gəlinən danışıq pozuntuları arasındadır.

Adamlıq dinini yaşayan insanların davranış pozuntuları: sünilik

🎙 (Cənab Adnan Oktarın Kaçkar tv - dəki canlı reportajı, 2009-cu il, 12 mart)

Adnan Oktar: Adamlıq dini cəmiyyətdəki insanların daima qarşılaşdığı bir həqiqətdir. Çox sünilik, çox süni danışıqlar, yəni təbii olmamaq. Məsələn, birini görür: “Haralarda idin, həqiqətən, mən sənin üçün çox darıxmışdım”, - deyir; halbuki: “Allah qovuşdurdu, əlhəmdülillah”, - desən, daha səmimi söhbət olar. Bir neçə dəfə: “İnan, çox sevindim”, - deyir. Yəni yalan söyləyir ki, inandırmağa çalışsın. And içir, məsələn: “Çox sevindim”, - deyir. Kədərlənməyəcəksən ki, təbii ki sevinəcəksən. Belə süni ifadələri nəzərdə tuturam. Cəmiyyətin çox hissəsində insanları narahat edən, təbii olmayan danışıq üslubudur bu. Bir də təbii səmimi danışan insan vardır. Bu, insanı rahatladır. Candan danışır, içindən gəldiyi kimi danışır. Amma süni insanda: “Bircə bu söhbəti bitirsəydi”, - deyə insan düşünür. Dözülməz bir danışıq şəklidir bu.

🎙 (Cənab Adnan Oktarın Kanal 35 - dəki (İzmir) canlı reportajı, 2009 - cu il, 14 fevral)

Adnan Oktar: Məsələn, çox süni, aktyor kimi mimika və üslublar. Sanki şeir oxuyur. Belə maraqlı tiplər olur, çox süni, səmimi olmayan hərəkətlə qəribə şou göstərir, çox qəribə üslubla izah edir dini. Onsuz da diqqətlə baxanlar dərhal anlayırlar. Sanki din üçün danışarkən xüsusi üsluba ehtiyac varmış kimi, ührəvi bir üslubla, gözləri dalır, fonda həzin bir musiqi, qaval səsi, ney səsi. Nə üçün bunlara ehtiyac var? Din açıq-aşkar həqiqətin özüdür.

Həqiqətən, əylənən insanın üzündə xoş ifadə olur. Heç xoşbəxt deyillər. Bir-birlərinə, hamısını tənzih edirəm, amma böyük hissəsi şou göstərir və xoşbəxtlik şousu kimi olur bu. Bu, çox əziyyətdir.

Boş və məqsədsiz danışıqlar

Adamlıq dininin danışıqlarındakı ən nəzərə çarpan xüsusiyyət söhbətlərin boş və məqsədsiz olmasıdır. Xalqın doxsan faizindən çoxu söz olsun deyə, danışıq olsun deyə danışır. Nəticə verməyən, qəlib mövzular bu boş danışıqların əsasını təşkil edir. Bu cür danışıqların mövzusu çox genişdir. Bu söhbətlər adamlıq dini mənsubunun gündəlik həyatında əhəmiyyətli yer tutur. Danışıqların dəyişməyən klassik başlanğıcları olur: “Dünyanın heç bir yerində yoxdur...”, “Avropalı bunu etməz...”, “24 saatda...” -deyə başlayan söhbətlər; “Məni başa gətirəcəklər...”, “Biz adam olmarıq...”, “Onların hamısı mənim yanımda yetişib...” şəklindəki danışıqlar uzanır, genişlənir, mövzudan mövzuya keçir. Heç bir nəticə verməyən, versə də, heç bir fayda gətirməyən bu cür danışıqlar, ümumiyyətlə, qarşı tərəfə fikir, düşüncə sahibi olduğunu hiss etdirmə istəyindən qaynaqlanır.

Hikmətsiz danışıqlar

Adamlıq dinində danışıb həll edilməsi mümkün olan mövzular belə qarışıqlığa süründürülür. Çox qısa müddətdə həll edilə bilən məsələlər saatlarla uzadılır. Danışıqlar qarşılıqlı iddia və inada çevrilir. İş toplantıları, dostlarla görüşlər, qonaqlıqlarda həmişə belə səhnələr olur. Hikmətsizlik söhbətlərin hər anında özünü göstərir. Mövzuları hikmətli, ağıllı şəkildə dilə gətirmək mümkün deyil. Çünki hikmət ancaq Allah’ın diləyib seçdiyi qullarına verdiyi bir üstünlükdür. Bir Quran ayəsində belə buyurulur:

Allah istədiyi şəxsə hikmət bəxş edər. Kimə hikmət bəxş edilmişsə, ona çoxlu xeyir verilmişdir. Bunu ancaq ağıllı adamlar dərk edərlər!

(Bəqərə surəsi, 269)

Quranda bildirilən ağıl və hikmətə sahib olmayan adamlıq dini mənsubu bir neçə cümlədə izah edilə bilən mövzunu dəqiqələrlə, hətta saatlarla izah edə bilmir. Bəzən də qısa müddətdə izah edə biləcəyi mövzunu qəsdən dəqiqələrlə uzadır. Televiziyalarda bəzi verilişlərdə çox qısa vaxtda həll edilə bilən məsələlər saatlarla müzakirə edilir, amma heç bir nəticə vermir. Bu mövzu haqqında Quranda belə bildirilir:

İnsanlar içərisində eləsi də vardır ki, nadanlığı üzündən Allah yolundan döndərmək və bu minvalla onu məsxərəyə qoymaq üçün mənasız sözləri satın alarlar. Məhz belələrini alçaldıcı bir əzab gözləyir.

(Loğman surəsi, 6)

Adamlıq dinində insanlar sözü uzadıb heç cür mövzunun mahiyyətinə, məqsədinə çatmırlar. Çox danışdığı halda, bir şey izah edə bilmirlər. Lazımsız sözlər, mənasız əlaqələrlə çox sadə bir mövzunu belə mürəkkəb şəklə salırlar. Danışıqlarının arasında özünə diqqət çəkməyə, fikir və düşüncələrini önəmli göstərməyə və ya mədəniyyətini sübut etməyə yönəlmiş eyhamlı sözlər deməyə çalışırlar. Ən həyati mövzularda belə özlərinin önə çəkilməsi birinci planda, danışılan mövzu ikinci plandadır.

Bilin ki, dünya həyatı oyun-oyuncaq, bərbəzək, bir-birinizin qarşısında öyünmək və mal-dövləti, oğul-uşağı çoxaltmaqdan ibarətdir. Bu, elə bir yağışa bənzəyir ki, onun yetişdirdiyi bitki əkinçilərin xoşuna gələr. Sonra o quruyar və sən onun saralıb-solduğunu, daha sonra çör-çöpə döndüyünü görərsən. (Dünya malına aldananları) axirətdə şiddətli əzab, (dünya malına uymayanları isə) Allah’dan bağışlanma və razılıq gözləyir. Dünya həyatı aldanışdan başqa bir şey deyildir. (Hədid surəsi, 20) ayəsində xəbər verilən xüsusiyyətlər adamlıq dininin söhbətlərində də çox tez-tez özünü göstərir.

Bunlara hamı bir ağızdan danışmaq, qarşısındakının sözünü kəsmək, mövzunu yarıda kəsib özünün mühüm sandığı başqa bir mövzuya başlamaq, yerli-yersiz, bilib-bilmədiyi hər mövzuya qarışmaq kimi hərəkətləri də əlavə edə bilərik.

Düşüncəsiz danışıqlar

Adamlıq dininin söhbətlərində düşüncəsizlik tez-tez özünü göstərir. İzah etdiyi mövzu və ya istifadə etdiyi üslub qarşı tərəfin diqqətini çəkmədiyi halda, buna fikir verməyib eyni tempdə izah etməyə davam etmək, hər kəsin bildiyi şeyləri çox qeyri-adi bir mövzu izah edirmiş ədası ilə izah etmək, qarşısındakının vaxtı yox ikən sözə tutmaq adamlıq dininə məxsus düşüncəsizliyin ən nəzərə çarpan nümunələrindəndir. Bütün bunlarla yanaşı, yersiz zarafatlar söhbətlərin daha da hikmətsiz hala gəlməsinə səbəb olur.

Nəzakətli olmamaq düşüncəsiz danışıq formalarından biridir. Yanlış anlaşıla bilən sözlərdən istifadə etmək, sözün ucunun hara gedəcəyini bilməmək, danışarkən müxtəlif hallara düşmək də bura aiddir. Çox vaxt lağ etmək məqsədi olmadığı halda, şüursuz şəkildə insanları təhqir etmək adamlıq dini mənsubuna məxsus davranış tərzidir. İnsanların müxtəlif maddi və ya fiziki qüsurlarını nəzərə almadan, lazım olmadığı halda bu haqda danışmaq o kəslər üçün xoşagəlməz ola bilər. Məsələn, saçları tökülmüş, boyu qısa və ya maddi vəziyyəti pis olan birinin yanında bu xüsusiyyətləri ilə əlaqədar yersiz danışmağı, lazımsız zarafatlar etməyi adamlıq dininə xas düşüncəsizliklər arasında saymaq olar.

İstehzalı danışıq

Mövzu nə olursa olsun, daima mübahisə etmək adamlıq dininin xüsusiyyətlərindəndir. Bundan əlavə, səs tonunu yüksəldərək mübahisə etmək, xüsusilə qarşı tərəfə öz fikrini qəbul etdirmək üçün lazımlı sayılır.

Özü ilə eyni mühitdə olanları həmsöhbət saymayıb onlar haqqında “bu”, “bunlar” kimi ifadələr söyləmək, qarşısındakının üzünə baxmadan danışmaq, söz atmaq da adamlıq dinində qarşı tərəfi alçaltma metodlarındandır. Eşitdiyi halda soruşulan suallara cavab verməmək, eşitməzlikdən gəlmək istifadə edilən bir başqa yoldur. Bunlardan əlavə, eşitdiyi bir şeyi qəsdən təkrarlatmaq, anladığı halda anlamazlıqdan gəlmək, qarşı tərəf bir şey izah edərkən ona əhəmiyyət vermədiyini və dinləmədiyini müəyyən edəcək şəkildə başqası ilə fərqli bir mövzuda danışmağa başlamaq qarşısındakına hörmət etməyən və istehzalı danışığın digər nümunələrindəndir.

Telefon söhbətləri

Telefonla danışarkən adi halda istifadə etdiyi səs tonu və üslubdan fərqli danışmaq da adamlıq dininin xüsusiyyətlərindəndir. “Alo” sözünü olduğu yerdəki mövqeyinə görə, fərqli, səmimi olmayan şəkillərdə tələffüz etmək, məsələn, müdir vəzifəsindədirsə, səsini xüsusilə qalın tona salıb ağır və ciddi bir üslubla telefonu açmaq.

Adamlıq dinində telefonla danışarkən istifadə edilən digər hərəkətlər də belə sadalana bilər:

Qarşılıqlı söhbətlərdə rahat deyə bilmədiyi şeyləri cəsarətlənib telefonda demək, mənfəəti olan birindən telefon zəngini gözləyərkən telefonun başından ayrılmadığı halda, zəng gəlincə telefonu dərhal açmamaq, uzun müddət sonra cavab vermək...

Qarşı tərəflə danışarkən ətrafındakılara qaş-göz işarələri ilə mesaj vermək. Özünü tanıtmaq və vidalaşmaq əsnasında süni səmimiyyət formalarından istifadə etmək, əsəbiləşdiyini bildirmək üçün dəstəyi çırpmaq, danışarkən qarşı tərəfə səmimi olmayan iltifatlar edib, dəstəyi asdıqdan sonra qarşı tərəf haqqında lağ hərəkətləri etmək adamlıq dininə məxsus olan davranışlardır.

Dedi-qodu

“Qələm” surəsinin 10-13-cü ayələrində adamlıq dini mənsublarının göstərdiyi bəsit davranışlar təsvir edilir. Bu mövzu ilə əlaqədar olaraq bildirilən ayələr belədir:

İtaət etmə hər and içənə, alçağa; qeybət edənə, söz gəzdirənə; xeyirə mane olana, həddi aşana, günaha batana; daş ürəkliyə, əsli-nəsəbi bilinməyən haramzadaya.

(Qələm surəsi, 10-13)

Ayələrin əvvəlində deyilən qeybət etmək, söz gəzdirmək adamlıq dinində çox rast gəlinən davranışdır. Bu şeytani dinin mənsubları içində insanların üzünə qarşı yaxşı davranan, sonra da arxasından qeybət edən insan modeli olduqca məşhurdur. Heç kim bir-birinin nöqsan və yanlış cəhətlərini düzəltməyə çalışmır. Onsuz da başqalarının səhvlərini düzəltməyi heç istəmirlər. İnsanın hər hansı bir səhvini ancaq lağ və ya dedi-qodu etmək üçün deyirlər.

Adamlıq dinində dedi-qodunun ictimai həyatda mühüm yeri vardır. Cəmiyyətdə bu pis xasiyyəti tənqid etməyin əvəzinə insanlar buna təşviq edilir. Halbuki, Quranda bu mövzuda verilən hökm belədir:

Ey iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi günahdır. (Bir-birinizin eybini, sirrini) arayıb axtarmayın, bir-birinizin qeybətini qırmayın! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı?! Bu, sizdə ikrah hissi oyadar. Allah’dan qorxun. Həqiqətən, Allah tövbələri qəbul edəndir, rəhmlidir!

(Hucurat surəsi, 12)

Adamlıq dinini yaşayan insanların davranış pozuntuları: boş söhbətlər

🎙 (Cənab Adnan Oktarın Kanal 35 - dəki (İzmir) canlı reportajı, 2009-cu il, 1 fevral)

Adnan Oktar: Boş danışıqlar necə əziyyətdir, necə çətindir. Üstəlik, süni bir insanın boş söhbətlərini dinləmək, elə insanlara diqqət yetirin, həmişə boşboğaz olur. Ağlı başında biri sanki pərişan olur sıxıntıdan. Ən gözəl şey ordan çıxıb getməkdir. Dedi-qodu edildiyində də dedi-qodusu edilən insanı tərifləsəniz, dedi-qodu edənin zövqünü boğazına tıxayarsınız, çox yaxşı olar. Yəni üç-beş tərifli söz söyləsəniz, dedi-qodunun heç bir mənası qalmaz onun üçün.

3- LAĞ ETMƏK

Səmimiyyətsizliklə yanaşı, lağ etmək də adamlıq dini mənsublarının ortaq davranış pozuntularındandır. Quranda açıq-aşkar qadağan edilən lağ etməyin necə çirkin davranış olduğu bir ayədə belə bildirilmişdir:

Qeybət edib tənə vuran hər kəsin vay halına!

(Hüməzə surəsi, 1)

Lakin adamlıq dinində birisinin fürsət tapdıqda heç çəkinmədən bir başqasına lağ etməsinə və onu hörmətdən salmasına mane olan heç bir qayda yoxdur. Əksinə, lağ edən adamın tərəfində olmaq hər kəs üçün daha xoşdur. Lağ etmək və hörmətdən salmaq üçün edilən hərəkətlərə bu nümunələri verə bilərik:

Bir qrupda səmimi olduğu insanlara qaş-gözlə işarə edərək digərlərinə lağ etmək, insanları alçaltmaq qəsdi ilə onların səhvlərini, qüsurlarını hamının yanında demək və bunlara lağ etmək, insanların fiziki xüsusiyyətlərinə lağ etmək.

Həmçinin lağ etmək və zarafatlarla insanları hörmətdən salmaq, baxış və mimikalarla insanları alçaltmaq, qarşısındakını hörmətdən salacaq tərzdə təqlid etmək, üslub, səs tonu və seçilən sözlərlə qarşı tərəfi əzməyə çalışaraq öz üstünlüyünü vurğulamaq, biri bir şey izah edərkən onu dinləməyib başqası ilə gülüşmək, eşidə bilmədiyi bir şəkildə onun haqqında pıçıldaşmaq kimi hərəkətlərə adamlıq dinində tez-tez rast gəlinir.

Həmçinin hamının yanında səhv hərəkət edən biri ilə ümumi şəkildə lağ etmək, sevmədiyi, əzmək istədiyi birini insanların çox olduğu yerdə hörmətdən salmaq da adamlıq dininin xüsusiyyətlərindəndir. Halbuki, lağ etmək, alçaltmaq, pis ləqəblər taxmaq Quranda şiddətlə qınanmış və qadağan edilmişdir:

Ey iman gətirənlər! Bir qövm digərini lağa qoymasın. Ola bilsin ki, onlar o birilərindən daha yaxşı olsunlar. Qadınlar da bir-birinə (rişxənd eləməsinlər). Bəlkə, onlar o birilərindən daha yaxşıdırlar. Bir-birinizə tənə etməyin və bir-birinizi pis ləqəblərlə çağırmayın. İman gətirdikdən sonra fasiq adını qazanmaq necə də pisdir. Məhz tövbə etməyənlər zalımlardır!

(Hucurat surəsi, 11)

4 - LAQEYDLİK

Adamlıq dininin ən fundamental əsaslarından biri laqeyd olmaqdır. Çünki bu batil dində laqeydlik və diqqətsizlikdən sözdə ağıl, qabiliyyət və şəxsiyyət üstünlüyünü vurğulama üsulu kimi istifadə edilir. Çox əhəmiyyətli və hər kəsdən daha üstün bir şəxsiyyətə sahib olan insan təəssüratı verməyin yolunun laqeydlik olduğuna inanılır. Bu səbəblə, xüsusilə gənclər arasında laqeyd davranışlar çox geniş yayılmışdır.

Bir məktəbin ən məşhur qızlarını və ya oğlanlarını düşünün. Ümumiyyətlə, bu insanlarda təvazökar, hər kəsə qarşı sevgi dolu və səmimi münasibət görə bilməzsiniz. Çünki gözəl əxlaqın ən mühüm xüsusiyyətləri olan bu davranışlar cahiliyyə cəmiyyətində insanları hörmətdən salır. Adamlıq dininin mənsubları arasında məşhur olmaq üçün mümkün olduqca qürurlu və laqeyd olmaq lazımdır. Hər kəsə salam verməmək, ancaq salam verilən insan olmaq çox əhəmiyyətlidir. Sevgi göstərən deyil, ancaq özünə sevgi göstərilən adam olmaq da həmçinin. Ətrafındakılarla maraqlanmırmış kimi görünmək, biri səmimi münasibət göstərdikdə əhəmiyyət verməmək, yalnız bir neçə yaxın tanışı ilə səmimi olub bunlardan başqa hər kəsə laqeyd davranmaq da bu anormal davranışlara nümunədir.

Laqeydliyin ikinci bir tərəfi də vardır. “Vecinə almamaq” kimi adlandırdığımız bu tərəf cahiliyyə cəmiyyətinin demək olar ki, hamısına hakimdir. Bu əhvalda olan insanlar təhlükəni dərk etmir, dərk etsələr belə, mühüm hesab etmirlər. Çünki adamlıq dini təhlükəyə qarşı sakit reaksiya verməyi üstünlük olaraq qəbul edir. Buna görə, cahiliyyə cəmiyyətində diqqətsizlikdən qaynaqlanan ölümlər, şikəstliklər, xəstəliklər daha çox olur. Məsələn, kabelinin üstü açıq olan cihazı təmir etdirməyin əvəzinə: “Qoy qalsın, biz belə şeylərdən qorxmuruq”, -deyərək bu şəkildə istifadə etmək bu diqqətsizliyin bir göstəricisidir. Ya da elektrik şəbəkəsi köhnələn və hər an yanğın təhlükəsi olan bir mənzildə yaşayanların: “Eybi yoxdur, bu mənzil möhkəm mənzildir, heç nə olmaz”, - sözləri ilə bu təhlükəni görməzlikdən gəlmələri… Hətta insanların bir çoxu: “Bizim canımız çox möhkəmdir, bizə heç bir şey olmaz”, - deyib illərlə həkimə getmir, xəstəlikləri üçün müalicəyə ehtiyac duymurlar. Adamlıq dinində bu laqeydliyə görə, bədənindəki xərçəngi, virusları bilmədən illərlə yaşayan və xəstəliyi aşkar olduqda artıq ölümcül halda olduğu təyin olunan insanlar çoxdur.

Bu diqqətsizliyin səbəb olduğu başqa bir təhlükə isə ətrafına zərər vermə ehtimalıdır. Məsələn, bəzi insanlar 3-4 yaşındakı uşaqlarını “heç nə olmaz” düşüncəsi ilə evdə tək qoyurlar. Evə qayıtdıqda uşağın sobaya toxunub yandığını və ya qazı açdığı üçün zəhərləndiyini, yaxud da dərman içdiyini və ya pəncərədən yıxılıb öldüyünü görən insanlara çox rast gəlinir. Belə xəbərlər hər gün qəzet səhifələrində yayımlanır. Ancaq adamlıq dininin laqeydliyi bu nöqtədə də özünü göstərir. Bu xəbərləri oxuyan insanlar belə bir hadisənin öz başlarına gəlməyəcəyinə inandıqları üçün eyni cür davranmağa davam edirlər.

Cahiliyyə əxlaqında diqqətsizlik o qədər yayılmışdır ki, insanlar bir-birlərindən daimi olaraq “fikir vermə, heç nə olmaz” tərzində sözlər eşidirlər. Hətta bu dinin batil anlayışına görə, insanlar hər hansı bir təhlükəyə qarşı tədbir görməyə və ya tədbir görülməsini təklif etməyə utanırlar. Çünki ətrafdakılar onu qorxaq adlandırar. Məsələn, yanğın təhlükəsizliyi olmayan böyük bir iş yerində işçilərin lazımi təchizatların gətirilməsini və ya köhnəlmiş liftin yenilənməsini istəməsi olduqca çətindir. Çünki bu zaman iş yerindəki digər insanlar bu adama lağ edir, qorxaq kimi baxırlar. Halbuki, bu diqqətsizliyin sonu insanların zərəri ilə nəticələnir.

Ancaq burada bir nöqtəyə diqqət yetirmək lazımdır. Əlbəttə, bir təhlükə zamanı həddindən artıq təlaşlanmaq, bir anda şüuru qapanacaq dərəcədə dəhşətə düşmək kimi davranışlar da doğru deyil. Allah insanlara Quranda təvəkküllü olmalarını, yəni çətin vəziyyətlərdə, təhlükə anlarında da Allah’a güvənib səbir etmələrini əmr etmişdir. Bu mövzudakı bəzi ayələr belədir:

Möminlər yalnız o kəslərdir ki, Allah adı çəkiləndə ürəkləri qorxudan titrəyər, Allah’ın ayələri oxunduğu zaman həmin ayələr onların imanlarını daha da artırar, onlar ancaq öz Rəbbinə təvəkkül edər.

(Ənfal surəsi, 2)

De: “Allah’ın bizim üçün yazdığından başqa bizə heç bir şey üz verməz. O, bizim ixtiyar sahibimizdir. Buna görə də möminlər yalnız Allah’a təvəkkül etsinlər!”

(Tövbə surəsi, 51)

Və ona gözləmədiyi yerdən ruzi verər. Kim Allah’a təvəkkül etsə, ona kifayət edər. Allah Öz əmrini yerinə yetirəndir. Allah hər şey üçün bir ölçü təyin etmişdir.

(Talaq surəsi, 3)

(Yəqub) dedi: “Oğullarım! eyni bir qapıdan girməyin, ayrı-ayrı qapılardan daxil olun. Bununla belə, mən Allah’ın qəza-qədərini sizdən heç bir şeylə dəf edə bilmərəm. Hökm yalnız Allah’ındır. Mən ancaq Ona təvəkkül etdim. Qoy təvəkkül edənlər də ancaq Ona təvəkkül etsinlər!”

(Yusif surəsi, 67)

Yuxarıdakı ayədə göründüyü kimi, hz. Yəqub uşaqlarına təvəkküllü olmağı nəsihət edir, həm də görəcəkləri işdə tədbirli davranmağı xatırladır. Saleh müsəlmanın davranışı da belə olmalıdır. Nə adamlıq dininin tələbi olan laqeydlik, nə də Allah’ın çirkin olduğunu bildirdiyi təvəkkülsüzlük doğru davranışlar deyil. İnsan gördüyü hər təhlükəyə qarşı ağlını işlədib tədbirli olmalı, eyni zamanda da Allah’ın diləməsi xaricində heç bir təhlükənin qarşısını ala bilməyəcəyini düşünüb Rəbbimizə təvəkkül etməlidir.

5- ZALIMLIQ

Adamlıq dini cəmiyyəti son dərəcə mərhəmətsiz və duyğusuz bir hala salır. Bu səbəblə, xalqın böyük əksəriyyəti ətrafına qarşı son dərəcə düşüncəsiz və mərhəmətsiz olur. Buna görə, insanların gün ərzində dəfələrlə əhvalı pozulur, inciyir, ürəyi sıxılır. Adamlıq dininin zalımlığı səbəbi ilə son dərəcə gərgin, əsəbi, əzablı bir həyat yaşayırlar. Hər kəsin çox şən bildiyi insanların belə demək olar ki, hamısı axşam yatağına uzandıqda saatlarla ağlayıb daxilən böyük sıxıntılar yaşayan insanlardır. Çünki cəmiyyətin çoxuna adamlıq dini tam hakimdir və bu batil dinin gətirdiyi hər hərəkət, hər mimika insanlar üçün - özləri də eynisini etdikləri halda - dözülməzdir.

Məsələn, maddi vəziyyəti yaxşı olmadığı üçün iş yerinə hər gün eyni paltarla getmək məcburiyyətində qalan bir insan düşünək. Bu adam üçün hər gün eyni paltarı geyinmək böyük bir çətinlikdir. Çünki mütləq ətrafındakı insanlar bu haqda öz aralarında danışır, buna görə, ona dəyər vermir və “bu paltar əynində köhnələcək”, “yəqin sənin başqa paltarın yoxdur” kimi düşüncəsiz zarafatlarla lağ edirlər.

İş yerində, məktəbdə, bağ evində, kursda və ya bir qrupun olduğu hər hansı bir məkanda mütləq insanların arxasından danışan kəslərin olduğunu bilmək də çox sıxıntılı haldır. Çünki insanlar mütləq öz arxalarından danışılanları bir yolla eşidir və buna görə çox narahat olurlar.

Adamlıq dinində insanlar çox incə üsullarla bir-birlərinin əhvalını poza bilirlər. Məsələn, yeni paltar geymiş birinə: “Çox gözəl paltardır, amma sənə yaraşmır, dünənki paltarın sənə daha çox yaraşmışdı”, - demək qarşıdakı insanı alçaltmaq üçün edilir. Çünki adamlıq dinində tərif, iltifat və ya gözəllik dilə gətirilmir. Bu səbəblə, insanlar bir-birlərinin gözəl cəhətlərini tərifləmirlər. Saç formasını dəyişmiş birinə çox bəyəndiyi halda: “Bu da yaraşır, amma əvvəlki saç düzümün sənə daha çox yaraşırdı”, - demək də adamlıq dininin kinayəli üslublarından biridir. Hər gözəllikdə bir qüsur tapmaq və gözəl sözün yerinə qüsurlu olanı dilə gətirmək adamlıq dininin bir qaydasıdır. Məsələn, çox gözəl bir insanı “gözəldir, amma daha gözəllərini də gördüm”, “gözəldir, amma burası qüsurludur”, “gözəldir, amma gözləri yaşıl olsaydı, daha da gözəl olardı” kimi ifadələrlə tərifləməmək bu qaydanın tələbidir.

Başqalarının səhvləri və ya qüsurları ilə əylənmək də adamlıq dininin bir zalımlıq növüdür. Məsələn, insanın gözündəki qüsuru, çəp olması ilə zarafat etmək və arxasından: “Sənə baxır, yoxsa mənə, heç cür anlamıram”, - deyərək gülmək… Şikəst insanın əlinə bir şey verərkən “Yavaş ol ha, möhkəm tut” kimi zarafatlar etmək… Saçları tökülən birinə yeni çıxan dərmanların adını deyərək gülmək, “yeni saç əkmə üsulları kəşf olunub, sən də istifadə elə”, “bu gün bir-iki saçın yəqin yenə tökülüb” kimi zarafatlar edərək özü üçün sevinmək… Qısa boylu birinə “aşağıda havalar necədir?”, “aşağıdan dünya necə görünür?” kimi cahil sözləri söyləmək... Bütün bunlar adamlıq dinindən qaynaqlanan zalım üsullarıdır. Həmçinin, yıxılan birinə gülərək onu utandırmaq, paltarı sökük olan birini ələ salmaq, dili pəltək olan birini yamsılamaq da bu batil dinin zalımlıqlarından bəziləridir.

Bu cür hallarda zarafat edilən adam da bu zarafatlara adamlıq dininin davranışları ilə cavab verir. Məsələn, narahat olmadığını düşünsünlər deyə, gülərək cavab verir. Ancaq daxilində deyilənlərin sıxıntısını mütləq hiss edir. Və ya o da qarşı tərəfin bir qüsurunu üzünə vurur və bu çirkin davranışlar qarşılıqlı olaraq davam edir.

6- ƏSƏBİLƏŞDİRMƏK ÜSULLARI

İnsanları hirsləndirməyə çalışmaq adamlıq dininin digər mühüm xüsusiyyətidir. Xalq arasında insanların çoxu müxtəlif səbəblərlə bu üsuldan istifadə edir. Bəzisi sevmədiyi birini narahat etmək, bəzisi də özünə pislik edən birindən intiqam almaq istədiyi üçün əsəbiləşdirici tərzdə davranır. Bəziləri üçün isə hirsləndirmək sanki həyatlarının məqsədi olmuşdur. İnsanların zəifliklərini ortaya çıxarmaqdan və əsəbiləşdiyini görməkdən xoşlanır və bu şəkildə nəfsini təmin edir. Anasına, atasına, müəllimlərinə və yoldaşlarına qarşı hər davranışının əsəbiləşdirici bir tərəfi olur. Ancaq adamlıq dininin bu xüsusiyyəti insanlar tərəfindən açıq şəkildə tətbiq olunmur. Əsəbiləşdirməyin müəyyən üsulları vardır. Bunlardan bir neçəsi bunlardır:

Sakit davranmaq

Qarşı tərəfi hirsləndirməkdən zövq alan insanlar bu üsula tez-tez əl atırlar. İnsanların əhəmiyyət verdiyi, həyəcanlandığı, təlaşlandığı mövzulara çox sakit münasibət göstərib qarşılarındakı insanı əsəbiləşdirirlər. Xüsusilə gənclərin ata və analarına qarşı olan münasibətində buna tez-tez rast gələ bilərsiniz. Məsələn, bayıra çıxmasına icazə verməyən anasından intiqam almaq istəyən gənc qız onun bütün suallarına son dərəcə laqeyd və sakit səs tonu ilə cavab verir.

Anası təlaş içində itirdiyi bir şeyi axtardığında və qızından kömək istədiyində sakit şəkildə: “Görmədim”, - deyərək başını çevirir və qəzetini oxumağa davam edir. Anası telefonda danışarkən bir şey qeyd etmək üçün kağız-qələm istədikdə asta-asta yerindən qalxıb ağır addımlarla qələmi və kağızı götürüb son dərəcə sakit halda bunları anasına aparır. Anası səmimi və şən şəkildə məktəbdə nə etdiyini soruşduqda yalnız: “Heç”, - deyə cavab verir. Gününün necə keçdiyini soruşduğunda yalnız: “Yaxşı”, - deyir. Çünki bütün bu davranışların qarşı tərəfi hirsləndirdiyini bilir.

Tələsən birinə onun işinə mane olacaq şəkildə yavaş davranmaq da adamlıq dinindəki hirsləndirmə üsullarından biridir. Məsələn, işə gecikən biri qapıdan çıxarkən otaqda çantasını unutduğunu söylədiyində son dərəcə ağır addımlarla çantanı götürüb yenə yuxulu şəkildə qapıya gətirmək sırf qarşı tərəfi hirsləndirmək üçün edilir. Şagirdinə böyük səylə dərsi izah etməyə çalışan müəllimi diqqətlə dinləməyib sonra da sakit bir səslə: “Mən heç bir şey başa düşmədim”, - demək müəllimini hirsləndirərək nəfsini razı etmək istəyən cahiliyyə insanının davranışıdır.

Sakit davranmağın başqa bir yolu isə suallara heç cür tam cavab verməməkdir. Məsələn: “Evin hər yerini axtardım, amma ayaqqabılarımı tapa bilmədim, sən görmüsən?” - sualına yalnız: “Bəli”, - deyə cavab vermək də əsəbiləşdirmək taktikasıdır. Daha sonra: “Yaxşı, harada gördün?” – sualına: “Otaqda”, - cavabını vermək və hansı otaq olduğunu, yerini deməmək qarşı tərəfin bir çox sual soruşmasını tələb edir. “Hansı otaqda, otağın harasında, hansı şkafda, şkafın hansı rəfində” - kimi suallar verilir. Beləliklə, yalnız bir cümlə ilə həll edilə bilən mövzu dəqiqələrlə uzanır və qarşı tərəfi hirsləndirəcək hal alır. Bu səbəblə, soruşulan suallara dolğun cavab verməmək adamlıq dininin hirsləndirmək üsullarından biridir.

Eşitməzlikdən, görməzlikdən və anlamazlıqdan gəlmək…

Ümumiyyətlə, bu üsuldan cahiliyyə cəmiyyətində münaqişəli kəslər bir-birlərindən intiqam almaq üçün istifadə edirlər. Beləliklə, az da olsa, intiqam aldıqlarını düşünürlər. Məsələn, mübahisə etdiyi adamın olduğu yerdə ona baxmadan danışmaq, sanki o mühitdə elə bir insan yoxmuş kimi davranmaq, hər kəsin zarafatına gülərkən onun zarafatına gülməmək, hər kəsə salam verərkən ona salam verməmək, hər kəslə vidalaşarkən onunla sağollaşmamaq, hər kəsin kefini soruşarkən onun yanından keçib getmək adamlıq dini meyarlarına görə: “Sənə dəyər vermirəm, xəbərin olsun”, - deməkdir.

Bu üsullar başqalarını hirsləndirməyi həyat tərzi halına gətirmiş insanlar tərəfindən də tez-tez tətbiq olunur. Özü ilə danışan birinin sözlərini çox yaxşı eşitdiyi halda: “Bağışla, nə dedin?” – və ya: “Nəsə deyirdin?” - kimi suallarla qarşı tərəfi çox əhəmiyyətsiz hesab etdiyini göstərmək adamlıq dininin davranışlarıdır. Anladığı mövzunu bir neçə dəfə izah etdirmək də hirsləndirmək növlərindən biridir. Məsələn, özünə: “Çox asta hərəkət edirsən, sürətli olsan daha yaxşı olar”, - deyən birinin nə söyləmək istədiyini çox yaxşı anladığı halda: “Necə yəni ağır?” – deyə soruşmaq qarşı tərəfi bu söylədiyinə peşman etmək üçün edilir. Anasının daha səliqəli olması üçün xəbərdar etdiyi gənc qızın buna cavab olaraq: “Necə daha səliqəli ola bilərəm ki?” – deyə cavab verməsi də əsəbiləşdirmək üsullarından biridir. Halbuki, hər insan sürətli hərəkət etməyin və ya səliqəli olmağın nə olduğunu uşaqlıqdan öyrənir.

Söz atmaq

Əsəbiləşdirməyin digər bir növü “söz atmaq” adlandırılan davranış pozuntusudur. Məsələn, bir tanışı vasitəsilə yaxşı işə düzəlmiş və vəzifəsi də yaxşı olan bir işçinin olduğu toplantı zamanı: “Kaş ki, bizim də tanışlarımız olsaydı, biz də asan yolla vəzifə sahibi olsaydıq”, - demək buna bir nümunədir. Və ya istəməyərək etdiyi bir səhvə görə zərərə səbəb olan birinin yanında: “Bildiyiniz kimi, bəzi insanların səhvlərinin cəzasını biz çəkirik”, - şəklində sözlər söyləmək də söz atmaq məqsədi ilə deyilir. Burada ad verməmək, xüsusilə: “Bəzi insanlar”, - deyə ifadə etmək adamlıq dininin qaydalarındandır.

İmtahanlarda dostunun həmişə özündən yaxşı qiymət almağını qısqanan bir şagirdin onun yanında: “Səhərə qədər oxuyan, amma heç bildirməyənlər var”, - deməsi də qarşı tərəfə söz atmaq üçündür.

Baxışla hirsləndirmək

İnsanlar, ümumiyyətlə, sözlə izah edə bilmədikləri şeyləri baxışları ilə qarşı tərəfə izah etmək yolunu seçirlər. Çünki baxışla edilən eyham heç bir zaman maddi olaraq isbat edilə bilmir və insanlar baxışlarındakı mənanı asanlıqla dəyişə bilirlər. Məsələn, qarşısındakına kinlə baxan biri: “O an həyəcanlandım, baxışlarım ona görə dəyişdi, yoxsa kinli filan deyiləm”, - dedikdə bunu hər kəs qəbul etmək məcburiyyətində qalır. Ya da baxışlarında kinayə olan birinin: “Yox, mən səni çox ciddi dinləyirəm, yadıma bir şey düşdü. Ona görə, baxışlarımda gülüş görə bilərsən”, - dediyi zaman heç kim buna etiraz edə bilmir. Çünki baxışdakı kinayənin maddi bir sübutu yoxdur. Ancaq insan baxışları ilə qarşısındakının hər cür müsbət və ya mənfi düşüncəsini müəyyən edə bilir. Bu səbəblə, cahiliyyə cəmiyyətində əsəbiləşdirmək üçün yalnız baxışlarından istifadə edən çoxlu sayda adam vardır.

Məsələn, insanlar mübahisə etdiyi biri ilə danışmaq məcburiyyətində qaldıqda ona son dərəcə mənasız və donuq bir baxışla baxırlar. Bu baxış qarşı tərəfi əhəmiyyətsiz hesab etdiyini bildirən və buna görə də qarşı tərəfi hirsləndirən baxışdır. Nəfsinə ağır gələn bir mövzudan danışılanda göz qapaqlarını çox ağır şəkildə açıb-bağlayaraq və eyni anda da mənasız baxışlarla qarşı tərəfi dinləmək də adamlıq dininin bir parçasıdır.

Qarşı tərəfi əhəmiyyətsiz hesab etdiyini göstərərək hirsləndirmək üçün isə istehza ilə baxırlar. Bu üsul üzü gülməz ikən gözlərin gülməsidir. Qarşı tərəfin danışığını ciddi bir sima ilə, ancaq gözlərində kinayəli təbəssümlə dinləyən biri bu hərəkəti ilə: “Danış, amma söylədiklərin bir qulağımdan girir, o biri qulağımdan çıxır”, - demiş olur.

7- YENİ FİKİRLƏRƏ VƏ TƏNQİDƏ QARŞI OLMAQ

Adamlıq dinini yaşayan insan xarakter və əxlaqi cəhətdən heç vaxt müsbət dəyişiklik əldə edə bilmir. Çünki adamlıq dinində tənqidə və yeni fikirlərə qəti qadağan qoyulmuşdur. İnsanın özündən böyük, zəngin, mədəni, vəzifəli və təcrübəli birini tənqid etməsi və ya ona yeni fikirlər söyləməsi demək olar ki, qeyri-mümkündür. Hətta adamlıq dinində bu haqda o qədər sərt qaydalar vardır ki, 20-30 illik dostluqlar bir tənqid səbəbindən bir anda pozulur.

Məsələn, adamlıq dininə görə, insanın hərəkətləri, əxlaqı, xarakteri və ya mimikaları ilə bağlı qarşısındakı şəxsə məsləhət verməsi onu hörmətdən salan davranışdır. Buna görə, cahiliyyə cəmiyyətində heç kim özü ilə bağlı mövzularda başqasının məsləhətini almır. Məsələn: “Məndə səni narahat edən bir cəhət var? Gülüşümdə, mimikalarımda və ya yerişimdə bir qüsur görürsən? Mənə şəxsiyyətimlə əlaqədar verə biləcəyin bir tövsiyə var? Necə olsam, daha rahat olarsınız, ya da daha çox sevilərəm? Paltar zövqüm necədir, mənə bu mövzuda təklifin var?…” kimi suallar eşitmək demək olar ki, mümkün deyil. Çünki insanın özünü təkmilləşdirmək üçün ətrafındakılardan məsləhət alması adamlıq dininin zehniyyətinə ziddir. Hər kəs özünü ən yaxşı, ən mədəni, ən ağıllı olaraq qəbul edir. Çatışmazlıqları olduğunu bilsə belə, bunu ətrafına bildirmək istəmir.

Adamlıq dini məsləhətləşməkdən əlavə, tənqidə də tamamilə qapalıdır. Məsələn, öz sahəsində uğur qazanmış həkim və ya mühəndis düşünək. Yanlarına gələn biri əgər başqa bir mütəxəssisin ondan fərqli olduğunu desə, mütləq: “Onda get onun yanında müayinə olun və ya get evini ona təmir etdir”, - şəklində cavab verirlər. Öz sahəsində mütəxəssis olan insanlar, ümumiyyətlə, həmkarlarının fikirlərinə əhəmiyyət vermir və mütləq öz dediklərinin tətbiq edilməsini istəyirlər.

Bu inanca görə, insanı özündən kiçik birinin, məsələn, qardaşı (bacısı) oğlunun tənqid etməsi qeyri-mümkündür. Gənclər əmisinə və ya xalasına xüsusiyyətləri ilə bağlı fikir söyləyə bilməz. Məsələn, bir qohumunun daha səbirli, daha mülayim və ya daha incə düşüncəli olmasını istəyən uşaq bunu ona söylədikdə böyük ehtimalla ya kinayəli, ya laqeyd, ya da qəzəbli cavabla qarşılıq alır. “Bu yaşımda səndən tövsiyə alası deyiləm” zehniyyəti ilə yaşayan insanlar özlərindən kiçik yaşda olanların ağlına ehtiyacları olmadığını düşünürlər. Halbuki, gözəl əxlaqlı, imanlı gənc imansız, ancaq yaşlı birindən daha ağıllı, vicdanlı və ruhən yetkin ola bilər.

Necə ki, Quranda bildirilən hz. İbrahimin atasını doğru yola çağırmaq üçün söylədikləri buna bir nümunədir:

Kitabda İbrahimi də yad et. Həqiqətən, o, büsbütün doğru danışan kimsə– bir peyğəmbər idi. O, bir zaman atasına belə demişdi: “Atacan! Nə üçün eşitməyən, görməyən və sənə heç bir fayda və zərər verə bilməyən bütlərə ibadət edirsən? Atacan! Həqiqətən, sənə gəlməyən bir elm mənə gəlmişdir. Ardımca gəl ki, səni doğru bir yola çıxardım! Atacan! Şeytana ibadət etmə, həqiqətən, şeytan Rəhmana çox asi olmuşdur! Atacan! Qorxuram ki, Rəhmandan sənə bir əzab toxunsun və beləcə, şeytana yoldaş olasan!” Dedi: “Ya İbrahim! Sən mənim tapındığım tanrılardan üzmü çevirirsən? Əgər son qoymasan, səni mütləq daşqalaq edəcəyəm. Bir müddət məndən uzaq ol!” (İbrahim) belə cavab verdi: “Sənə salam olsun! Mən Rəbbimdən sənin bağışlanmağını diləyəcəyəm. O, mənə qarşı çox mehribandır.

(Məryəm surəsi, 41-47)

Adamlıq dinində vəzifə və mədəniyyət də tənqidə mane olur. Fəhlə, işlədiyi fabrikin müdirinə əsla tövsiyə verə bilməz. Nə işlə əlaqədar, nə o adamın xarakteri ilə əlaqədar, nə də başqa bir mövzu ilə əlaqədar. Məsələn, ətrafındakılara qarşı kobud davranan müdir əgər işçilərinin birindən bu haqda tövsiyə alsa, böyük ehtimalla həmin adamı işdən çıxarar. Çünki adamlıq dininə görə, bu, böyük təhqirdir.

Halbuki, bu, son dərəcə səhv dünyagörüşüdür və Quran əxlaqına heç bir şəkildə uyğun deyildir. Bu cür tənqidlər hər insan üçün böyük bir nemət və dostluq göstəricisidir. Quranda insanlara bir-birlərinə yaxşılığı əmr etmələri və pislikdən çəkindirmələri əmr edilmişdir. Allah’ın bu əmrini yerinə yetirən bir insana mane olmaq, özünə tövsiyə edilən yaxşılıqdan üz çevirmək, əlbəttə, son dərəcə çirkin davranışdır.

8- QONAQLARA MÜNASİBƏT

İnsanın mənəvi dəyərlərini itirməsi nəticəsində yaranan boşluğun yerini dinsizlik sistemi üzərində qurulan adamlıq dini doldurur. İslam əxlaqının olmadığı yerdə mütləq adamlıq dini vardır. Adamlıq dininin olduğu yerdə isə insaniyyət, incə düşüncə, fədakarlıq kimi gözəl əxlaqa aid davranışlar yoxdur.

Bunu adamlıq dini fərdlərinin qonaqlıq dünyagörüşünü nümunə verərək açıqlaya bilərik. Ancaq adamlıq dininin dünyagörüşündən əvvəl İslam əxlaqının qonaqlıq mövzusundakı gözəllikləri izah edək.

Quran əxlaqını yaşayan bir adamın evinə qonaq getdiyinizi düşünək. Sizi qarşılayan şəxs böyük bir sevinclə qarşılayacaq. Çünki İslam əxlaqında qonaq qarşılamaq gözəllik hesab olunur və qonaq hər zaman əl üstündə saxlanır. Bu səbəblə, evə girdiyiniz andan etibarən sizi yeni tanıyan insanlar olsa belə, son dərəcə gülər üzlə, səmimi və xoş münasibətlə qarşılaşırsınız. Sizi qonaq edən şəxsin imkanları məhdud olsa belə, əlindəki bütün imkanları sizin üçün sərf edər. Çünki Allah Quranda qonağa o özü istəmədən ehtiyaclarının qarşılanacağı əxlaqa yiyələnməyi öyrədir. Allah Quranda hz. İbrahimin qonaqlarına qarşı münasibəti ilə İslam əxlaqında qonaqla necə davranmalı olduğumuzu göstərir. Ayələrdə belə buyurulur:

İbrahimin möhtərəm qonaqlarının söhbəti sənə gəlib çatdımı? Onlar yanına gəlib salam verdikdə salamı alıb: “Bunlar tanımadığım kimsələrdir!” – dedi. O, ailəsinin yanına getdi və bir buzov gətirdi. Onu qabaqlarına qoyub: “Bəlkə, yeyəsiniz!” – dedi.

(Zariyat surəsi, 24-27)

Ayələrdən göründüyü kimi, hz. İbrahim tanımadığı halda qonaqlarına son dərəcə incə düşüncəli davranmış, onlara hiss etdirmədən, onları utandırmadan onlara qulluq etmişdir.

Ancaq adamlıq dininin hakim olduğu insanlar belə bir vəziyyətdə son dərəcə eqoist olur. Əgər adamlıq dininin təsirində olan birinin evinə qonaqlığa gedirsinizsə, burada hiss edəcəyiniz duyğu əziyyətə salmaq və artıqlıqdır. Çünki cahiliyyə əxlaqında qonaq öz ifadələri ilə desək, artıq bir “boğaz” sayılır. Qarşılıqlı maddi alış-verişi olan insanlar aralarındakı əlaqənin pozulmamağı üçün məcbur olaraq bir-birlərini müəyyən zamanlarda qonaq edirlər. Adamlıq dininin qaydalarına görə, bir şəxs digərinin evinə getdikdə sıra mütləq digərinə gəlir. İki-üç dəfə ard-arda bir tərəf digərinə qonaq getmir.

Bu dünyagörüşünə görə, qonağın tezliklə evinə dönməsi gözlənilir. Bir neçə saatdan artıq bu adama dözmürlər. Əgər yeməyə dəvət olunmayıbsa, əsla yemək verilmir. Ən az xərclə qonağı evinə göndərmək istədikləri üçün ən ucuz bir neçə şey ikram edirlər. Evdəkilər, ümumiyyətlə, yeməklərin yaxşılarını özlərinə ayırıb pislərini vermək və bununla da qazanclı çıxmaq təlaşına qapılırlar. Qonaq bir qab yeməkdən çox yemək yesə, ev sahibləri mətbəxdə: “Nə çox yedi, tez getsəydi, rahatlayardıq”, - kimi ifadələrlə qonağın nə qədər mədəniyyətsiz olduğunu danışırlar. Qonağın evdə gəzməsi heç xoş qarşılanmır, nə qədər çox qalırsa-qalsın, qonaq otağından kənara çıxması istənilmir. Otaqdan çölə çıxdıqda evdə narahatlıq meydana gətirdiyi ona hiss etdirilir.

Əgər qonaq uzaqdan gəlmişsə və bir neçə gün qalmalıdırsa, o zaman ev sahiblərinin səbri tükənir. Bir müddətdən sonra qonağın yedikləri, hərəkətləri, istifadə etdiyi paltarlar narahatlıq verməyə başlayır. İçdiyi çayın sayına, neçə qab yemək yediyindən neçə dəfə duş qəbul etdiyinə və nə qədər su işlətdiyinə qədər hər şey hesablanır. Hər hərəkətləri ilə qonağın evdə artıq olduğunu ona hiss etdirirlər. Buna görə də belə evdə rahat şəkildə qalmaq qeyri-mümkündür.

Ancaq, əlbəttə, bunun başqa bir tərəfi vardır. Evdə qonaq olan adam da adamlıq dininin qaydaları çərçivəsində hərəkət edir. O da qonaq olduğu evdən maksimum faydalanmağa çalışır, ətrafındakılara narahatlıq verib-vermədiyini düşünmür. O da başqa cəhətdən düşüncəsizlik edir.

Nəticədə, adamlıq dinində insanlar həm özlərinə, həm də ətraflarındakılara sıxıntılı mühit meydana gətirirlər. Bunun əsas səbəbi isə Qurandan uzaq və çirkin əxlaqlarıdır. İslam dininin insanda meydana gətirdiyi səmimiyyətlə adamlıq dininin cahiliyyə əxlaqı arasındakı ziddiyyət bu nümunədə olduğu kimi, həyatın hər sahəsində özünü açıq şəkildə göstərir. Adamlıq dininin səbəb olduğu düşüncəsiz və eqoist münasibətlərə görə insanların çoxu rahat yaşaya bilmir, sıxılır, etibarlı və çox sevdiyi bir dost tapa bilmir. Ancaq buna baxmayaraq, adamlıq dinini dünyada milyonlarla insan yaşayır. Və bu şəkildə insanlar öz-özlərini çətinliyə salırlar. Bu hal Quranda insanlara belə açıqlanır:

Həqiqətən, Allah insanlara zərrəcə zülm etməz, lakin insanlar özləri özlərinə zülm edərlər!

(Yunis surəsi, 44)

9- ADAMLIQ DİNİNDƏ YAŞLILIQ PSİXOLOGİYASI

Adamlıq dininin hər yaş kateqoriyası üçün təyin etdiyi hərəkət tərzi vardır. Bunun yazılı mətni və izahı yoxdur. Ancaq insanlar harada yaşayırlarsa yaşasınlar, bunu bilir və bütün təfərrüatı ilə tətbiq edirlər. Məsələn, 50 və ya 60 yaşa çatdıqda həyat tərzlərini, danışıqlarını, paltarlarını, səs tonlarını, üslublarını adamlıq dininin qaydalarına uyğun şəkildə dəyişməli olduqlarına inanırlar.

Bu dəyişikliyin əsas prinsipi dünya nemətlərindən əl çəkmək, şikayət və pessimizmdir. Bu yaşa gələn insanlar həyatdan şikayət etməyə başlayırlar. “Necəsən?” - sualına bu yaşlarda verilən cavab: “Belə də, bildiyin kimi”, - və ya: “Necə olacam, başım xəstəliklərə qarışıb”, - kimi mənfi cavablardır. Çünki həyatdan zövq almağa haqları olmadığına və bu yaşdan sonra bütün nemətlərdən uzaqlaşmalı olduqlarına dair batil inancları vardır.

Xüsusilə qadınlarda menopauza və kişilərdə andropauza dövrləri adamlıq dininə görə davranışın tamamilə dəyişməli olduğu bir dövrdür. Bu dövrə girmiş insanların çoxu bütün gözəllikləri tərk edir. Bədənlərinə qulluq etmir. Həm xarici görünüşlərinə əhəmiyyət vermir, həm də təmizliklərinə diqqət etmirlər. Tünd rəngli geyimlər geyinir, əsasən, qəhvəyi, boz, qara kimi rəngləri seçirlər.

Qırmızı, narıncı, sarı, yaşıl, çəhrayı kimi rənglərə ehtiyac olmadığını düşünürlər. Halbuki, bu, son dərəcə mənasız qaydadır. İnsanlar Allah’ın yaratdığı rənglərdən hər yaşda istifadə edə bilər və bu nemətdən hər yaşda faydalana bilərlər. Bu yaşlarda bəzilərinin davranışları və üslubları da tamamilə dəyişir. Cismən zəif olmadığı halda, çoxları bu yaşda yavaş-yavaş hərəkət edən, cansız olmalı olduğuna inanır. Bu səbəblə, hərəkətləri donuqlaşır, əslində, çox sürətlə danışa bildiyi halda, xüsusilə, aram-aram danışmağa başlayır. Qısası, sürətli şəkildə izah edəcəyi bir mövzunu ağır danışıqla uzun-uzadı izah edir. Bunu yaşlılığının bir əlaməti olaraq hesab edir.

Gəncliyində olduqca enerjili birisi yaşlandıqda birdən sevincini, ümidini, cəldliyini, canlılığını öz iradəsi ilə itirir. Məsələn, gözəl mənzərənin, gözəl insanın, gözəl mahnının və ya özünə göstərilən gözəl münasibətin sevincini və həyəcanını yaşamır. Əksinə, bu anlarda sevinmək yerinə kədərlənir.

Adamlıq dininin bu batil qaydalarına görə, insanlar bu yaşlardan sonra ölümü gözləməyə başlamalıdır. Bu səbəblə, demək olar ki, 60 yaşı olmuş bütün insanların həyatını ölümü gözləyərək keçirdiyini görərsiniz. Bu yaşdan sonra artıq edəcək bir şey qalmadığı inancı hakim olduğu üçün fəaliyyət tamamilə dayanır. Əlbəttə, bu yaşlar ölümün insana çox yaxınlaşdığı və bu həqiqətin unudulmamalı olduğu dövrdür. Ancaq adamlıq dinini yaşayanlar burada da yanılaraq əxlaqlarını gözəlləşdirib Allah’dan çox qorxaraq və Onu çox sevərək ölümə hazırlıq görmürlər. Əksinə, onların böyük bir ağılsızlıqla etdiyi axirəti də görməzlikdən gəlməklə hər şeydən özünü çəkib vaxt öldürmək kimi adlandırılan, yalnız ölümü gözləyərək keçirilən boş həyatdır.

Son dərəcə ağıllı və bacarıqlı birisi yaşlandığından dolayı heç bir şeydən anlamayan, ağır eşidən, ağır düşünən, heç bir şeyi bacara bilməyən adam kimi davranmağa başlayır. Bir çoxları son iyirmi ilini pəncərənin qarşısında oturub çölə tamaşa edir və ya bütün günü televiziya seriallarını izləyir, dünyaya aid bütün gözəlliklərdən əlini üzür. Bunun zərərlərindən biri isə özünü düşünməməyə, hərəkət etməməyə və qabiliyyətlərini işlətməməyə alışdırdıqları üçün zehni fəaliyyətlərinin getdikcə azalması və erkən ağlını itirmələridir. Əlbəttə, belə əxlaqı və həyat tərzini mənimsəyən insanın axirətdəki itkisi daha böyükdür.

Halbuki, doğru olan xəstəliyi olmadığı müddətdə həm cismən, həm də zehnən çalışması, dünyada axirət üçün xeyir işlərə davam etməsidir. Allah bir ayəsində: “Elə ki azad oldun, qalx (dua et)! (İnşirah surəsi, 7)” - şəklində əmr edir. Şübhəsiz, Allah’ın əmri hər yaşda olan insanlara aiddir.

10- ADAMLIQ DİNİNDƏ AYRI-SEÇKİLİK

Adamlıq dininin ən mühüm xüsusiyyətlərindən biri insanları qiymətləndirmə tərzidir. Bu şeytani dində insanlar, əslində, zəngin və kasıb olaraq iki yerə ayrılırlar. Hər iki qrupda fərqli dünyagörüşü və fərqli davranış tərzləri hakimdir. Zəngin və kasıb insanlara qarşı göstərilən münasibətin fərqliliyi dünyanın demək olar ki, hər yerində eynidir. Amerikalı da bu batil dinin gərəyi olaraq bu cür davranır, rus da, fransız da…

Xülasə olaraq bu münasibət fərqliliyini bu şəkildə sıralaya bilərik:

Özlərindən daha varlı adamlara qarşı cahiliyyə cəmiyyətinin insanları incə və mülayim səs tonu ilə və mümkün olduğu qədər nəzakətli şəkildə danışırlar. Kasıb insana qarşı isə səs tonu təbiiləşir, adamın əsl səsi necədirsə, elə danışmağa başlayır. Danışıq üslubu kobudlaşır, nəzakətli danışığa ehtiyac hiss edilmir. İzah ediləcək mövzu son dərəcə dəqiq və ən qısa şəkildə izah edilir. İş yerində müdirlə danışarkən istifadə edilən səs tonu və iş yerinin çayçısı ilə danışılan üslub arasındakı fərqlilik bu mövzuya açıq nümunədir. Müdirdən mənfəət ehtimalı olduğu üçün işçilər ona dəyər verdiklərini hiss etdirmək məqsədilə mümkün olduğu qədər nəzakətli, təvazökar və hörmətli səs tonundan və üslubdan istifadə edirlər. Ancaq çayçıdan bir mənfəət gözləmədikləri üçün danışarkən ona dəyər verməyən üslubu seçirlər.

Varlı birisi gəldikdə hərəkətlər tələm-tələsik və etinalı olur. Hər şeyin istədiyi kimi olması, hər arzusunun yerinə yetirilməsi, xoşuna gəlməyəcək bir halın baş verməməyi üçün hamı təlaşa düşür. Kasıb gəldikdə isə heç kim onun varlığına diqqət yetirmir. Son dərəcə sakit və laqeyd davranırlar. Varlı biri içəri daxil olduqda ayağa qalxır, geyimlərini düzəldir, oturuşuqlarına fikir verirlər. Kasıb biri gəldikdə isə ayağa qalxmır, hətta ona baxmırlar.

Zənginə “Siz” deyə xitab edilir. Kasıb adama isə “Sən” deyirlər. Məsələn, satıcı alış-verişə gələn zəngin müştəriyə mütləq: “Siz necə bir şey istəyirsiniz”, -deyib nəzakətlə qarşılayır. Ancaq içəri girən müştərinin kasıb olduğunu anlayarsa “nə istəyirsən” kimi alçaldıcı ifadə işlədir.

Zənginə qarşı xüsusi hörmət göstərilir. Zəngin adamın yaşı kiçik olsa belə, ona bir böyüyə göstərilən hörmət göstərilir. Hətta yaşca kiçik olan insanların belə əli öpülür, qalxıb yer verilir. Kasıba isə yaşca böyük olsa belə, uşaq kimi davranılır. “Nə edirsən”, “Nə istəyirsən, de görək” kimi uşaqlara qarşı istifadə edilən ifadələrlə xitab edilir.

Adamlıq dininin insanlara qarşı ayrı-seçkiliyi və bu düşüncənin insanların davranışlarına necə əks olunduğu hər hansı bir mağazaya girdikdə belə açıq şəkildə görünür. Bir mağazaya varlı və məşhur bir müştərinin girdiyini düşünək. Bu müştəri qapıdan içəri girər-girməz bütün işçilərin diqqəti ona yönəlir. Gülər üzlə salamlayıb nə istədiyini soruşurlar. Almaq istədiklərini bir və ya bir neçə satıcı tez gətirib önünə qoyur. O, hələ birinə baxıb qurtarmadan başqasını gətirirlər. Satıcıların üzündə təbəssüm və nəzakət görünür. Həmin müştərinin yanında uşaq varsa, o uşağa xoş sözlər deyərlər. Sevimli və gözəl uşaq olduğunu ifadə edərlər. Uşaq nadinc və dəcəl olsa belə, hər hərəkəti nəzakətlə qarşılanır. Uşaq mağazada nəyə isə toxunub qırarsa, ona əhəmiyyət verməzlər .

İndi də həmin mağazaya kasıb bir müştərinin girdiyini düşünək. Geyim və hərəkətlərindən maddi imkanı olmadığı məlum olduqda onunla mağazada heç kim maraqlanmır. Bir şey soruşmadıqca ona tərəf baxan olmur. Satılan mallara baxmaq istəyərkən son dərəcə laqeyd və ağır hərəkətlərlə istədiyini göstərirlər. Satıcı başqa malları göstərməyə çalışmır. Həmçinin müştərinin istəklərini yerinə yetirərkən üzündə laqeyd və narazı ifadə olur. Müştərinin mağazadan tez çıxmasını istədiyi üçün bir tərəfdən istədiklərini verir, bir tərəfdən də çölə baxır və ya dükandakı başqa birisi ilə söhbət edir. Müştəriyə heç dəyər vermədiyini büruzə etmək üçün yanındakı adamla söhbətinə davam edir. Müştəri uşaqlı olarsa və uşaq nadinclik edərsə, əsəbi şəkildə uşağına diqqət etməsini söyləyir.

Bu nümunə adamlıq dininin insanlara necə fərq qoyduğunu göstərir. Çünki buradakı məntiqi və davranış tərzini kassirdə, xidmətçidə, dərzidə, baqqalda görmək mümkündür. Dünyanın harasına gedirsinizsə gedin, buna bənzər hərəkətlərin din əxlaqından uzaq yaşayan insanlara hakim olduğunu görərsiniz.

Adamlıq dinində birinə hörmət və diqqət göstərmək üçün o adamın müəyyən maddi gücə sahib olması əsasdır. Sərvəti artdıqca adamlıq dininə mənsub olan insanların o adama qarşı hiss etdiyi heyranlıq da ona müvafiq olaraq artır. Məsələn, restorana getdiyinizdə zənginliyi ilə tanınan bir müştəriyə qarşı böyük diqqət göstərildiyini görərsiniz. Hətta əgər ölkənin ən məşhur zənginlərindən biridirsə, böyük ehtimalla pul alınmır. Onun bu restorana gəlməsi şərəf olaraq qəbul edilir və heç bir şəkildə ödəniş etməməyi tələb edilir. Halbuki, kasıb müştərinin hesabı ödəyəcək qədər pulu olmasa, bu, böyük hay-küyə səbəb olur. Pulu çatmadığı üçün danlanır, alçaldılır və oradan qovulur. Yəni zəngin olandan pul istənmədiyi halda, kasıb olanın hesabını qəpiyinə qədər ödəməsini tələb edirlər.

Bu iki insan arasındakı yeganə fərq zənginlikdir. Burada göstərilən hörmət və diqqət də, əslində, zəngin olan şəxsin şəxsiyyətinə və əxlaqına deyil, yalnız pulunadır. Və bu da adamlıq dininin çirkinliklərindən biridir.

İslam dinində isə insanlar yalnız əxlaqlarına görə qiymətləndirilir. Kasıb, amma gözəl əxlaqlı olan insan, zəngin, amma Allah’ın əmrlərinə qarşı çıxan birindən qat-qat daha üstündür. Bu səbəblə, İslam dinində qətiyyən ayrı-seçkilik yoxdur. Zənginliyin, etibarın, gücün deyil, gözəl əxlaqın əsas olduğu anlayış vardır. Allah bir ayəsində belə buyurur:

Sizi bizə yaxınlaşdıran nə var-dövlətiniz, nə də oğul-uşağınızdır. Yalnız iman gətirib yaxşı işlər görənlərin əməllərinə görə mükafatları qat-qat artıq olacaq və onlar cənnət otaqlarında əmin-amanlıq içində yaşayacaqlar.

(Səba surəsi, 37)

11- ADAMLIQ DİNİNDƏ DOST SEÇMƏK MEYARLARI

İslam dinində dost seçərkən yeganə ölçü o adamın əxlaqıdır. Adamlıq dinində isə yoldaş seçmə ölçüsü çox fərqlidir. Hər mədəniyyətin özünəməxsus bəzi qaydaları vardır. Məsələn, “intelligent” olan insan özünə dost seçərkən mütləq özünə bənzər birini seçir. Buna görə, birinci onun xarici görünüşə baxır. Təmiz, ütülü, klassik geyimli birisinin əvəzinə boynuna şərf bağlayan, ayağında sport formalı ayaqqabı olan, təmizliyinə diqqət etməyən, gümüş sep taxan, keçi saqqallı biri ilə dostluq etməyi seçir. Çünki adamlıq dinində bu görünüşün müəyyən mənası vardır. Bu, dünyanı əhəmiyyətsiz hesab edən, əxlaqi dəyərlərə əhəmiyyət verməyən, insanlara dəyər verməyən, başqasının onun işlərinə qarışa bilməyəcəyini və kimsəyə qarşı məsul olmadığını düşünən batil həyat düşüncəsidir.

Bir də dost seçərkən qarşısındakının yalnız maddi vəziyyətinə baxan insanlar da var. Belə bir çevrədə qarşıdakı adamdan dost olub-olmadığını anlamaq üçün birinci paltarının qiymətinə baxırlar. Pencəyin, ayaqqabının, çantanın, ətrin, qol saatının, köynəyin, hətta corabın belə markası son dərəcə əhəmiyyətlidir. Bundan sonra, həmin adamın avtomobilinin olub-olmadığını öyrənmək, əgər avtomobili varsa, markasını öyrənmək vacib sayılır. Bunlar ilk addım üçün lazım olan şərtlərdir. İkinci addımda isə bu adamın ailəsi ilə əlaqəli məlumat əldə etmək lazımdır. Atasının peşəsi, hansı məktəbdə oxuduğu, anasının tanışları, getdiyi gözəllik salonu, tətildə səyahət etdikləri ölkələr, bağ evlərinin harada olduğu, evlərinin harda olduğu və s. kimi xüsusiyyətlər dost olub-olmamaq üçün lazım olan məlumatlardır. Əgər qarşıdakı adam bütün bu mərhələlərdən keçərsə, o zaman bu adamın əxlaqı, xarakteri, inanc və düşüncəsi hər nə olursa olsun, heç fərq etmir, mütləq dost ola biləcək insan kateqoriyasına aid olur.

Bütün bu xüsusiyyətlərə sahib olan, ancaq heç bir mövzuda mədəniyyəti olmayan, son dərəcə kobud, mədəniyyətsiz və ya əxlaqı bəyənilməyən insanlar vardır. Ətrafındakılara lağ edir, həmişə öz mənfəətlərini güdürlər. Üzr istəməyi, səhvlərini qəbul etməyi bilmirlər. Mənfəətlərinə zidd olan hallarda asanlıqla yalan danışır, başqalarının problemləri ilə maraqlanmırlar. Başqalarının rahatlığı, xoşbəxtliyi və ya sağlamlığı üçün hər hansı bir çətinliyə qatlaşmır, fədakarlıq etmirlər. Ancaq buna baxmayaraq, onların ətrafında çoxlu insan olur. Əslində, bu insanların əxlaq pozuntularına baxmayaraq, onlara olan diqqətin yeganə səbəbi adamlıq dininə hakim olan yanlış dəyərlərdir.

Buna görə, cahiliyyə cəmiyyətində maddi vəziyyətləri, ictimai mövqeyi bir-biri ilə eyni olmayan insanlardan ibarət dostluqlar görmək mümkün deyil. Zənginlər mütləq zənginlərlə, orta səviyyəlilər orta səviyyəli insanlarla, mədənilər mədənilərlə, kasıb olanlar isə özlərinə bənzər insanlarla dostluq edirlər.

Quran əxlaqına görə, dostluq və yoldaşlığın ölçüsü bunlardır: insanın səmimiyyəti, gözəl əxlaqı, Allah sevgisi və qorxusu. Möminlər arasında kimin var-dövlətinin nə qədər olduğunun, kimin hansı məktəbin məzunu olduğunun, kimin hansı peşə sahibi olduğunun, kimin hansı səmtdə yaşadığının heç bir mənası və əhəmiyyəti yoxdur. Çünki möminlərin dostluğu bu dünyəvi dəyərlərin heç bir əhəmiyyətinin olmadığı, əsl yurd olan axirətə görə nizamlanır. Bir möminin digər möminə olan sevgisinin və şəfqətinin əsl qaynağı isə Allah’ın o mömindəki təcəllisi, coşğulu Allah sevgisi və coşqun Allah qorxusudur.

12- ÖZ MƏNFƏƏTİNİ AXTARMAQ

Quranı yol göstərici olaraq qəbul edən insanın ən diqqətə çarpan xüsusiyyətlərindən biri son dərəcə fədakar olmasıdır. Çünki bu insan bütün mülkün Allah’a aid olduğunu və Onun razılığını qazanmaq üçün özünə əmanət olaraq verildiyini, bu səbəbdən, Rəbbimizin göstərdiyi şəkildə xeyir yolunda xərcləməsinin (infaq etməsinin) lazım olduğunu bilir. Bu, yəni infaq İslamın ən əsas ibadətlərindən biridir.

Möminlər sahib olduqları malları əllərindən gəldiyi qədər infaq etməli, yəni Allah’ın Quranda saydığı kəslərə (...Sədəqələr Allah tərəfindən müəyyən edilmiş bir fərz olaraq ancaq yoxsullara, miskinlərə, zəkatı yığıb paylayanlara, ürəkləri (müsəlmanlığa) isinişib bağlanmaqda olanlara, azad ediləcək kölələrə, həmçinin borclulara, Allah yolunda cihad edənlərə və yolçulara məxsusdur. Allah biləndir, hikmət sahibidir! (Tövbə surəsi, 60)) verməlidirlər. Allah’ın razılığı üçün edilən bu ibadət möminlər üçün böyük zövq, sevinc və rahatlıq qaynağıdır. Quranda fərqli ayələrdə bu ibadətin əhəmiyyəti vurğulanır.

Əsl yaxşılıq haqqında “Bəqərə” surəsinin 177-ci ayəsində (Yaxşı əməl heç də üzünü günçıxana və günbatana tərəf çevirməkdən ibarət deyildir. Yaxşı əməl sahibi, əslində, Allah’a, axirət gününə, mələklərə, kitaba və peyğəmbərlərə inanan, (Allah’a) məhəbbəti yolunda malını qohum-əqrəbaya, yetimlərə, yoxsullara, müsafirə, dilənçilərə və qulların azad olunmasına sərf edən, namaz qılıb zəkat verən kimsələr, eləcə də əhd edəndə əhdinə sadiq olanlar, dar ayaqda, çətinlikdə və cihad zamanı səbir edənlərdir. Doğru olanlardır. Müttəqi olanlar da onlardır) bildirilir. “İnsan” surəsinin 8-ci ayəsində möminlər haqqında: “Onlar öz iştahaları çəkdiyi halda, yeməyi yoxsula, yetimə və əsirə yedirərlər”, – deyə bildirilir. “Sevdiyiniz şeylərdən sərf etməyincə savaba çatmazsınız. Şübhəsiz ki, Allah xərclədiyiniz hər bir şeyi biləndir! (Ali-İmran surəsi, 92)” ayəsi də mövzunun əhəmiyyətini açıqlayır.

Möminlərdən ibarət olan cəmiyyətin də, şübhəsiz, ən mühüm xüsusiyyətlərindən biri Allah’ın razılığını qazanmaq üçün infaq və fədakarlıq etmələridir. Cəmiyyətin üzvləri öz şəxsi mənfəətlərini deyil, ümumi mənfəəti düşünür və bu istiqamətdə hərəkət edirlər. Öz mənfəətləri ilə başqa möminin mənfəəti zidd olduqda isə Allah’ın razılığını qazanmaq üçün qarşı tərəfin mənfəətinə uyğun davranırlar. Quranda Mədinəyə hicrət edən möminlərlə mədinəli möminlər arasında yaşanan üstün əxlaq belə təsvir edilir:

Onlardan əvvəl yurd salmış və iman gətirmiş kimsələr öz yanlarına mühacirət edənləri sevər, onlara verilən qənimətə görə ürəklərində həsəd duymaz, özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tutarlar. (Allah tərəfindən) nəfsinin xəsisliyindən qorunub saxlanılan kimsələr – məhz onlar nicat tapıb səadətə qovuşanlardır!

(Həşr surəsi, 9)

Adamlıq dini isə tamamilə şəxsi mənfəətlərə əsaslanan cəmiyyət modeli qurur. Adamlıq dinində tərbiyə olunan insan uşaqlığından etibarən öz mənfəətini düşünüb eqoist xarakterə sahib olması üçün təşviq edilir. Ailəsindən, yoldaşlarından, cəmiyyətdən gördüyü nümunəvi insan modeli hər zaman öz şəxsi mənfəətlərini qoruyan insan modelidir. Bu təlqin əsasında zamanla “gəmisini qurtaran kapitan” olmağı öyrənir.

Öz mənfəətini axtarmaq adam olmaq üçün vacib xüsusiyyətlərdəndir. Hər işdə öz mənfəətini düşünmək çoxbilmişlik göstəricisidir. Buna görə, insan yaşadığı hər mühitdə öz şəxsi mənfəətlərini düşünməli, ən çox fayda prinsipi ilə hərəkət etməlidir. Fərdlər arasındakı əlaqəni də yenə ən çox fayda prinsipi formalaşdırır. İş yerində müdir işçilərindən, işçiləri də müdirlərindən maksimum faydalanmağa çalışırlar. Ticarətdə müştəri satıcıdan, satıcı müştəridən, dostlar da bir-birlərindən faydalanmağa çalışırlar.

Adamlıq dininin yaşandığı cəmiyyətlərdə istismar adi hal almışdır və cəmiyyətin ümumi əxlaqı halına gəlmişdir. Hər kəs öz imkanları daxilində özündən bir addım aşağı olanı sonuna qədər istismar etməyi düşünür. Cəmiyyətdə bu cür fürsətləri qaçırmaq isə ağılsızlıq, avamı deyimlə “həriflik” olaraq qiymətləndirilir. “Dünyaya bir dəfə gəlirik” fəlsəfəsinə əsaslanan bu zehniyyət insanlarda Allah qorxusunun olmamağından qaynaqlanır.

Bütün bunlardan əlavə, adamlıq dininə mənsub olan bəzi insanların da bəzən fədakarlıq göstərdiklərini, kasıblara, möhtac olanlara kömək etdiklərini görmək mümkündür. Ancaq burada mühüm bir nöqtə vardır: adamlıq dininin bəhs etdiyimiz “fədakar” mənsubları yaxşılıqları möminlər kimi Allah rizası üçün və səmimi olaraq deyil, insanlara göstəriş olsun deyə edirlər. Bir ayədə bu insanların vəziyyəti belə bildirilir:

Ey iman gətirənlər! Sədəqələrinizi malını riyakarlıqla sərf edən, Allah’a və axirət gününə inanmayan şəxs kimi, minnət qoymaq və əziyyət verməklə puça çıxarmayın. Belə şəxslərin halı üzərində bir az torpaq olan qayaya bənzər ki, şiddətli bir yağış o torpağı (yuyub) aparar və qayanı çılpaq bir daş halına salar. Onlar qazandıqlarından bir şeyə qadir olmazlar. Şübhəsiz ki, Allah kafirləri haqq yoluna yönəltməz!

(Bəqərə surəsi, 264)

Bu cür insanları kasıblara, ya da kimsəsiz uşaqlara kömək üçün yaradılmış qurumlara, cəmiyyətlərə böyük miqdarlarda hədiyyə verərkən görə bilərsiniz. Amma etdikləri bu hədiyyələr mütləq mediada göstərilir, yüz minlərlə insan bu insanların “xeyriyyəçiliyinə” şahid olur. Məqsədləri də budur. Bu insanlar, əslində, son dərəcə xəsisdir və digər insanlara kiçik bir kömək belə etməzlər. Dəbdəbəli hədiyyələrlə isə, əslində, ticarət edirlər. Verdikləri pula qarşılıq cəmiyyətdə yaxşı bir imici satın alırlar. Bu, həm qüsurlarını örtür, həm də daha qazanclı bir iş üçün sərmayə olur. Quranda onların, əslində, xəsis olduqları və etdikləri infaqın da nümayiş üçün olduğu belə xəbər verilir:

O kəslər ki, özləri xəsislik etməklə bərabər, başqalarını da xəsisliyə təhrik edir və Allah’ın öz lütfündən bəxş etdiyi nemətləri gizlədirlər. Biz kafirlər üçün alçaldıcı əzab hazırlamışıq! Öz mallarını xalqa göstərmək xətrinə xərcləyənləri, Allah’a və axirət gününə inanmayanları da (Allah sevməz). Şeytanla yoldaşlıq edənlərin yoldaşı necə də pisdir! Əgər onlar Allah’a və axirət gününə inanıb, Allah’ın onlara verdiyi ruzidən sərf etsəydilər, nə olardı?! Allah onları tanıyandır.

(Nisa surəsi, 37-39)

Xəsisliyin inkarçıların xüsusiyyəti olduğu bir ayədə belə ifadə edilir:

İndi gördünmü dönəni, bir az verib xəsislik göstərəni?

(Nəcm surəsi, 33-34)

“Qələm” surəsində xəsis xarakterə sahib olan bağça sahiblərindən bəhs edilir. Ayələr belədir:

Biz vaxtilə o bağ sahiblərini imtahana çəkdiyimiz kimi, bunları da imtahana çəkdik. O vaxt səhər açılanda mütləq dərəcəklərinə and içmişdilər. Və heç bir istisna yeri də qoymamışdılar.

(Qələm surəsi, 17-18)

Onlar səhər qalxıb bir-birini belə səslədilər: “Əgər yığacaqsınızsa, bağınıza tez gedin!” Nəhayət, yola düşdülər, bir-birinə xəlvətcə belə deyirdilər: “(Elə edin ki) bu gün orada yanınıza heç bir yoxsul soxulmasın!”

(Qələm surəsi, 21-24)

Ayələrdə təsvir edilən bağ sahibləri kasıblarla qarşılaşmadan bağa getməyə çalışırlar. Çünki kasıblara kömək etmək istəmirlər, ancaq hər hansı bir kasıbla qarşılaşsalar, ona pul vermək məcburiyyətində qalacaqlar. Onları belə davranmağa məcbur edən şey insanların özləri haqqında mənfi düşünəcəkləri üçün narahat olmalarıdır. Qısacası, son dərəcə riyakar və bəsit xarakterə sahibdirlər. Bu, adamlıq dininin klassik xüsusiyyətlərindən biridir.

Möminin əsilzadəliyi isə yalnız Allah’ın razılığını qazanmaq istəyindən və dünyada xeyirlərdə yarışmasından qaynaqlanır. Allah’ın razılığını istəyərkən insanların mal-mülk qazanmaq üçün fəaliyyətləri deyil, gördükləri işlərdə Onun razılığını nə qədər axtardıqları əhəmiyyətlidir. Allah qatında məqbul olan ayıqlıq isə İslamın və möminlərin mənfəətlərini davamlı axtarmaq, möminlərin rifah və fərahını artırmaq, Allah’ın razılığının hər zaman ən çoxunu qazanmaqda güzəştə getməmək, şeytanın və nəfsinin hiylə və vəsvəsələrinə aldanmamaq, imanını və ağlını get-gedə daha da artırmaq, əxlaqını daha çox gözəlləşdirmək üçün göstərilən diqqət və şüur açıqlığıdır. Bununla Allah’ın razılığının ən çoxunu axtaran möminlərin əsilzadə xüsusiyyətləri xarici görünüşlərinə də əks olunur. Quranda bu hal belə təsvir edilir:

Muhəmməd (əleyhissəlam) Allah’ın peyğəmbəridir. Onunla birlikdə olanlar kafirlərə qarşı sərt, bir-birinə isə mərhəmətlidirlər. Sən onları rüku edən, səcdəyə qapanan, Allah’dan riza və lütf diləyən görərsən. Onların əlaməti üzlərində olan səcdə izidir. Bu, onların Tövratdakı vəsfidir. İncildə isə onlar elə bir əkinə bənzədilirlər ki, o artıq cücərtisini üzə çıxarmış, onu bəsləyib cana-qüvvətə gətirmiş, o da möhkəmlənib gövdəsi üstünə qalxaraq əkinçiləri heyran qoymuşdur. (Allah’ın bu təşbehi) kafirləri qəzəbləndirmək üçündür. Onlardan iman gətirib yaxşı əməllər edənlərə Allah məğfirət və böyük mükafat vəd buyurmuşdur!

(Fəth surəsi, 29)

Adamı özünə bağlamaq

Adamlıq dinində yaşamaq üçün ətrafa özünü olduğundan daha fərqli göstərmək nə qədər əhəmiyyətlidirsə, qarşı tərəfi öz istədiyi şəklə salmaq, onu idarə etmək, yönləndirmək də eyni dərəcədə əhəmiyyətlidir. Buna qısa olaraq adamı özünə bağlamaq deyilir. Bunun xüsusi taktikaları vardır və adamlıq dinində önə keçməyin yollarından biri də bu işdəki məharətdən asılıdır. Adamı özünə bağlamaq adamlıq dinində o qədər əhəmiyyətli bir mövzudur ki, bu mövzuda bir çox xüsusi kitab yazılmışdır.

Əlbəttə, bu işdə istifadə edilən ən yaxşı üsul yenə qarşıdakı insanın adamlıq dini xüsusiyyətlərindən irəli gələn zəifliyidir. Qarşıdakı adamlıq dininə nə qədər sahibdirsə, bağlanmaq ehtimalı bir o qədər artır.

Adamlıq dinini yaşayanların qürur və eqoistliyi, lovğalığı, tərif və təqdir olunma həvəsi, emosionallığı, özünü olduğundan fərqli göstərmək kimi xüsusiyyətləri onun istənilən yöndə istifadə edilməsini asanlaşdırır.

Şəxsin mənfəət gətirən hər hansı bir imkana sahib olması onu bağlamaq üçün əsaslı səbəbdir. Bu, dövlət idarəsindəki bir məmurdan tutmuş, evlənmək üçün seçilən həyat yoldaşına kimi hər növ insan ola bilər. Hər cür ictimai sahədə - iş, məktəb, ticarət, siyasət, ictimai həyat və ya evlilikdə - işini görməsinə, mənfəət qazanmasına, sosial və ya iqtisadi mövqeyini gücləndirib inkişaf etdirməsinə kömək olacaq insanlar mövcuddur. Yetər ki, adamı özünə bağlamaq üçün mövqe və şərtlərdən doğru istifadə olunsun!

Özünə bağlamağın dərəcələri bunu edənin məharətinə, təcrübə, qabiliyyət və səbrinə düz mütənasibdir. Həmçinin, qarşı tərəfin zəkası, sayıqlığı və zəiflikləri də bağlanma dərəcəsinə təsir edən ünsürlərdir.

13- YALTAQLIQ VƏ YA ƏLALTILIQ

Adamlıq dininin çirkin insan xüsusiyyətlərindən biri də yaltaqlıq, digər mənada əlaltılıqdır. Əlaltı olan adamların əsas xüsusiyyəti, əslində, zəngin olmadıqları halda zəngin kimi yaşamaları, imkanları olmadığı halda bahalı paltarlar geymələri, lüks evlərdə yaşamaları və ailələri maddi cəhətdən çətin vəziyyətdə olduğu halda özlərinin zəngin mühitdə yaşamalarıdır. Əlaltılar bu imkanlara özlərinə hədəf seçdikləri şəxslərin dalınca gəzib sahib olurlar. Özlərinə dost seçdikləri bu insanın pulundan, çevrəsindən, evindən, avtomobilindən və sahib olduğu hər cür imkandan faydalanaraq yaşayırlar. Bunun qarşılığında isə əlaltısı olduqları insanın hər işini görmək, onu tərifləmək, nəfsini razı etmək, özünə olan etibarını möhkəmlətmək kimi vəzifələri vardır.

Əgər ətrafınıza diqqətlə baxsanız, cəmiyyət içində demək olar ki, hər zəngin və ya məşhur birisinin yanında bir əlaltıya rast gələrsiniz. Əslində, hər ikisinin də eyni geyinib eyni üslubda danışmalarına baxmayaraq, hansının əlaltı olduğunu dərhal ayırd edə bilərsiniz. Çünki əlaltılar, ümumiyyətlə, alçaldılan, danlanan, xidmət edən, qarşı tərəfi tərifləyən, danışıqlarını təsdiqləyən adamdır. Digəri isə təriflənən, istəkləri yerinə yetirilən, sözləri təsdiq edilən və alçaldan tərəfdir.

Əlaltının ən böyük vəzifəsi yanındakını əyləndirmək, özünə olan etibarını artırmaqdır. Özünü çirkin hiss etdiyi zamanlarda onu gözəl olduğuna inandırmaq, zarafat etdiyində gülmək, dərdlərini dinləmək, ona çarələr tapmaq və ya heç kimin hörmət etmədiyi bu insana hörmət göstərib onu məmnun etməkdir.

Bu səbəblə, bu iki adam günün hər saatını birlikdə keçirirlər. Hər yerə birlikdə gedir, alış-verişə birlikdə çıxır, saç ustasına, əyləncə yerlərinə birlikdə gedir, evdə birlikdə yaşayırlar. Belələri alış-verişdə əlaltısı olduqları adamın paltar seçməsini gözləyir, geyinməyinə kömək edir, çantasını saxlayır, zənglərə cavab verir, paltarların hansının yaraşdığını söyləyir və istəklərinin hamısını yerinə yetirirlər. Paltarları alan adam da özündən sonra əlaltısına da bir neçə dəst paltar alıb ona etdiyi xidmətlərin qarşılığını verir. Ümumiyyətlə, yeməyə, saç ustasına və ya bir əyləncə mərkəzinə getdikdə varlı olan tərəf mütləq əlaltısının pulunu da ödəyir.

Əlaltıların başqa bir xüsusiyyəti öz evlərində deyil, ümumiyyətlə, əlaltısı olduqları adamların evində qalmalarıdır. Bu evin imkanlarından istifadə edir, paltarlarını buradan götürüb geyinir, yeməklərini bu evdə yeyir, bu evin xidmətçilərini özünə xidmət etdirirlər. Ancaq bunları edə bilmək üçün yoldaşının ata-anasına kompliment deyir, çox səmimi davranır. Həqiqətən də, ata və ana uşaqlarının xətrinə və tək qalmamağı üçün bu adamı evdən biri kimi qəbul edir və bu vəziyyəti qəbul edərək ona baxmağa başlayırlar. Bundan da narahatlıq hiss etmirlər, çünki əlaltının ən qabiliyyətli olduğu mövzulardan biri insanları bağlama xüsusiyyətidir. Əlaltı mənfəətləri üçün hər cildə girə bilən adamdır. Kim hansı üslubu bəyənirsə, tez ona əl atır. Özünə aid mənliyi yoxdur. Bu çirkin əxlaqı daşıyanlar, ümumiyyətlə, şərəfsiz olduqları üçün mənfəətlərinin istiqamətinə görə xüsusiyyətlərini dərhal dəyişdirə bilirlər.

14- ADAMLIQ DİNİNDƏ MÜBAHİSƏÇİ ÜSLUB

Adam olmağın əsaslarından biri də mübahisəçi olmaqdır. Çünki mübahisədə udmaq adamlıq dinində çox mühüm etibar mövzusudur. Adamlıq dininə görə, qalib tərəf olmaq ağılın, gücün və ya xarakter üstünlüyünün əlamətidir. Məğlub olmaq isə zəiflik əlamətidir. Buna görə, insanlar hər hansı bir fiziki mübarizə və ya mübahisə mühitində haqsız da olsalar, mütləq üstün gəlmək üçün əllərindən gələni edərlər. Mübahisənin başqa bir əhəmiyyətli tərəfi isə şəxsiyyəti müəyyən etməsidir. İnsan xoşuna gəlməyən bir vəziyyətdə qarşısındakına kobud münasibət göstərə bilirsə, adamlıq dininə görə bu, onun güclü xarakterə sahib olduğunu göstərir. Bu səbəbdən, dini yaşamayan insanlar arasında tez-tez mübahisələrə rast gəlmək mümkündür.

İnsanların ən çox mübahisə etdiyi yerlərdən biri nəqliyyatdır. Buna görə də adamlıq dininin minlərlə əlamətini görə bildiyimiz yerlərdən biri nəqliyyatdır. Yolda cəmi 10-15 dəqiqə avtomobildən istifadə etməklə adamlıq dinini yaşayan yüzlərlə insanın hərəkətlərinə rast gəlmək mümkündür.

Məsələn, insanlar nəqliyyatda ətrafındakı insanları alçaldır və onlara dəyər vermədiklərini göstərmək üçün əllərindən gələni edirlər. Bir-birlərinə yol vermirlər. Hətta əgər arxalarında siqnal verən və ya maşının işıqlarını yandıran olarsa, bunu qürurlarına sığışdırmır və tələsərkən belə xüsusilə ağır hərəkət edirlər. Ətrafdakı sürücüləri tənqid edir, tez-tez avtomobilin içində qışqırırlar. Taksiyə və ya birinin avtomobilinə mindikdə tez-tez “nə edirsən, korsan? Önünə bax, biz də tələsirik, təkcə sənsən tələsən?” kimi sözlər eşidər və bu sözlərə uyğun mimikalar görərsiniz.

Nəqliyyatda ən böyük mübahisələr və bilavasitə ən şiddətli adamlıq dini reaksiyaları da qəza əsnalarında görünür. Yolda toqquşan iki avtomobil olduqda hər iki sürücünün də günahı bir-birinə atdığını görərsiniz. Yol polisi hadisəyə müdaxilə etmədiyi müddət boyu günahkar olan tərəf böyük ehtimalla öz günahını qəbul etmir. Ümumiyyətlə, belə qəzalarda hər iki tərəf əsəbi davranmağa başlayır. Qışqıraraq qarşı tərəfi əzməyə çalışır, əgər bunda müvəffəqiyyətli ola bilmirsə, əsəbindən dəli olubmuş kimi davranmağa başlayır. Bununla, qarşı tərəfi qorxudacağını və haqsızlığını qəbul edəcəyini düşünür. Əgər bu da bəs etmirsə, qalibiyyətini sübut etmək üçün qarşısındakına əl qaldırır.

Bu hallarda insanların, həqiqətən, özlərini idarə edə bilmədikləri üçün mübahisə etdikləri düşünülür. Halbuki, belə davranışların hamısı adamlıq dininin tələbi olaraq və incəliyinə qədər planlı şəkildə edilir. Qəza törədənlərin avtomobillərindən enərkən istifadə edəcəkləri səs tonundan mimikalarına və hətta söyləyəcəkləri sözlərə qədər hər şey hafizələrində əzbərlənmişdir. Qəza olduqda avtomatik olaraq əzbərlədikləri bu qaydaları tətbiq etməyə başlayırlar. Beləliklə, dünyanın hər yerindəki bu ortaq mimika və davranışları adamlıq dininin əsası olaraq yerinə yetirmiş olurlar.

15- CAVANLIQ PSİXOLOGİYASI

Adamlıq dininin fərdləri arasında yayılmış ortaq bir şəxsiyyət tipi vardır: cavanlıq.

Kişilərdə yetkinlik dövrü ilə başlayan və orta yaşa qədər davam edən cavanlıq psixologiyası insanın davranışlarına çox təsir edir. Əsas xüsusiyyətini cavanlıq olaraq bildirən bu kütlənin ortaq davranış formaları vardır.

Müxtəlif prinsipləri olan bu psixologiyanın gələcək mərhələlərdə fəlsəfi və əxlaqi sistem halına gəldiyi görünür. Özünə xas doğru, yanlış və fəzilətləri olan cavanlıq xüsusiyyətləri vardır. Bu sistemə görə, dostunun, qonşunun, məhəllənin qızlarına baxmaq böyük əxlaqsızlıqdır. Lakin tanımadığı birinə qarşı bu hərəkət cavanlıqdır. Yaxınlarının, məhəllənin qadın və qızlarına qarşı da saxta bir qoruma məntiqi vardır. Sözdə düzgünlük, dürüstlük və ya öz ifadələri ilə desək, ciddilik cavanlığın dəyişməz düsturudur, amma bir yolunu tapdıqda hər cür saxtakarlığı edirlər.

Özünü sübut etmək üçün qurulan bu çirkin mədəniyyətdə gərgin, əsəbi və təcavüzkar əhval hakimdir. Nevroz kimi davranmaq, ani sözlər demək, qeyri-sabit hərəkətlər etmək, hər an mübahisə və ya gərginlik yaratmağa hazır olmaq nə qədər cavan olduğunu göstərir. Hamının ondan çəkindiyini göstərmək üçün özünə qeyri-sabit xüsusiyyətə malik görünüş vermək də tez-tez əl atılan üsuldur.

Söhbətləri matç, dava haqqında və cinsi mövzularda olur. Şifahi eşitdikləri və qəzetlərdən oxuduqları az-maz məlumatlarla siyasi, iqtisadi və ya ictimai mövzularda danışmaq, öz deyimləri ilə gəvəzə söhbətlər etmək məqbul sayılır.

Dikbaş və heç kimi vecinə almayan cavan ictimai və ideoloji hisslərini tərəfkeşlik düşüncəsi ilə tamamlayır. Fanatik tərəfdar psixologiyasına malik olur. Tərəfkeşlik futbol komandası, dostlar, eyni məhəllənin uşağı olmaq, eyni işi görmək kimi müxtəlif strukturların hər hansı birində, yaxud da hamısında özünü göstərir. Tərəfdarlar arasında bir-birini qorumaq da cavanlıq əxlaqının bir parçasıdır.

İnsan yaş ötdükcə ictimai, iqtisadi və mədəni səviyyəsində yeni mərhələyə qədəm basır. Buna mütənasib şəkildə də cavanlıq xüsusiyyətindən uzaqlaşır və yeni şərtlərin tələb etdiyi fərqli adamlıq dini xüsusiyyətlərinə doğru irəliləyir. Məsələn, ictimai səviyyəsini artırmayan, aşağı mədəniyyət səviyyəsinə mənsub insanlar savadsızlığın nəticəsində cavanlıq xüsusiyyətini tam bir şəxsiyyət olaraq mənimsəyir. İşi, peşəsi, zənginliyi, mədəniyyəti və zəkası ilə cəmiyyətdə lovğalana və fərqlənib önə çıxa bilmədiyini anlayan insanların əksəriyyəti cavanlığa çox ehtiyac duyur. Həyatının sonuna qədər də bu psixologiyada olur. Yaşadığı cəmiyyətin böyük qismi bu vəziyyətdə olduğu üçün cavanlıq xüsusiyyəti əksər insanların ortaq xarakter tərzini təşkil edir və beləliklə, mühakimə olunmur, əksinə, qəbul olunur.

Ancaq bunu da qeyd etmək lazımdır ki, cavanlığın xüsusiyyəti olaraq göstərilən cəsarət, qoruyuculuq, dürüstlük, əlbəttə, gözəl xüsusiyyətlərdir. Amma burada vurğulanan odur ki, cavanlıq psixologiyasında bütün bu gözəl xüsusiyyətlər əsli ilə yaşanmır. Bir neçə saxta nümunəsi yaşanır və bunda Allah rizası da düşünülmür.

16- QURANA UYĞUN OLMAYAN HÖRMƏT ANLAYIŞI

Adamlıq dininin sahib olduğu yanlış hörmət anlayışına keçməzdən əvvəl, Quranda bildirilən hörmət anlayışına baxmaq lazımdır. Quranda bildirildiyi kimi, mömin əvvəlcə Allah’a qarşı böyük hörmət göstərir.

“Ali-İmran” surəsinin 199-cu ayəsində: “Allah’a boyun əyərək...” və “Ənbiya” surəsinin 90-cı ayəsində isə peyğəmbərlərdən danışılarkən: “...Onlar xeyirli işlər görməyə tələsir, ümid və qorxu ilə Bizə ibadət edirdilər. Onlar Bizə müti idilər”, - deyilir. “Muminun” surəsində də yenə möminlər üçün “Həqiqətən, Rəbbinin qorxusundan tir-tir əsənlər. (Muminun surəsi, 57)” ifadəsindən istifadə edilir. Hörmət başqa ayələrdə də Allah’a duyulan dərin qorxunun bir parçası kimi keçir.

Bu səbəbdən, möminin sahib olduğu hörmət hissinin qaynağı Allah’a göstərdiyi hörmətdir. Digər insanlara göstərdiyi hörmət də bu əsl hörmətin inikasıdır. Mömin Allah’a hörmət etdiyi üçün Ona itaət edən, Onun razılığını qazanmağa çalışan digər insanlara, yəni bütün möminlərə də hörmət edir. Hörmətə layiq olmayanlara, yəni Allah’a üsyan edən, Onun razılığına zidd hərəkət edən, Allah’ı tanımayan inkarçılara isə ürəkdən hörmət etmir. Bu insanlara da nəzakətlə və gözəl tərzdə münasibət göstərir, ancaq daxilən hörmət etməsi qeyri-mümkün olur.

Əlbəttə, adamlıq dinindəki hörmət anlayışı Quranda təsvir edilən gerçək hörmət anlayışından tamamilə uzaqdır. Möminlərdəki hörmət daha əvvəl də ifadə etdiyimiz kimi, təməli Allah’a olan hörmətdən qaynaqlanan səmimi bir duyğudur. Adamlıq dinində isə səthi, müəyyən qəliblərə oturdulmuş, tamamilə qarşılıqlı maddi əlaqələrə əsaslanan riyakar davranış tərzləri olaraq özünü göstərir.

Adamlıq dininə görə hörmət göstərmək müxtəlif mühitlərə görə qaydaya salınmış söz və hərəkət qəliblərini süni tərzdə tətbiq etməkdir. Hörmət adamın cəmiyyətdə bir mövqeyə gəlməsinə kömək edən, mühitə və insanlara görə şəkli, müddəti dəyişən və dözülməsi lazım olduğuna inanılan bir davranış olaraq qəbul edilir.

Adamlıq dininin həyat fəlsəfəsi ikiüzlülüyə və saxtakarlığa əsaslandığı üçün hörmət də məcburən və istənmədən göstərilir. Adam hörmət göstərməli olduğu anlara dözür. Hörmət onun xarakterində yoxdur. Buna görə, adamlıq dinində insanların ən rahat olduğu mühitlər heç kimə hörmət göstərmək məcburiyyətində olmadığı və əsl xüsusiyyətini rahatlıqla göstərə bildiyi mühitlərdir. Bu cür mühitlərdə insanın üslub pozuntusu, əxlaq anlayışının yanlışlığı, ətrafındakılar haqqındakı gerçək düşüncələri və gerçək münasibəti bəlli olur.

Hörmət anlayışı məkanlara və mühitə görə dəyişdiyi kimi, yaşa görə də dəyişir. Adamlıq dinində adamın özünə güvəndiyini, heç kimə əhəmiyyət vermədiyini, bu səbəbdən, kimsəyə qarşı qorxusunun olmadığını, yəni şəxsiyyətinin tam inkişaf etmiş olduğunu isbat etməsi rahatlıq adı altında son dərəcə bəsit və ətrafa qarşı hörmətsiz davranması ilə özünü göstərir. Rahat hesab edilən mühitlərin özünə xas davranış və danışıq formaları vardır. Heç tanımadığı birinin evində soyuducunu açmaq, dostunun evinə getdikdə otağını ondan icazəsiz axtarmaq, şkafını açıb paltarlarını geymək, ayaqlarını mümkün olduğu qədər yuxarı qaldırıb yatırmış kimi oturmaq, səmimiyyət adı altında davamlı yerli-yersiz danışmaq, yaxında olsa belə, qışqıraraq yüksək səslə və söyüşlə danışmaq, bütün zarafatlarına cinsi mövzunu qatmaq bu çirkin xüsusiyyətlərin ən diqqətə çarpanlarıdır.

Bura qədər göründüyü kimi, adamlıq dini Quran vasitəsilə insana verilən əxlaqi prinsiplərin hamısına zidd bir əxlaq modeli ehtiva edir. Bu, şübhəsiz, Allah’a hesab veriləcəyinin unudulduğu və insanların böyük bir qəflət içində dünya həyatının keçici bəzəyinə qapıldığı cəmiyyətdə ortaya çıxır. Bu cəmiyyət Qurandakı deyimlə cahiliyyə cəmiyyətidir, tamamilə cahildirlər, çünki bu birlik Allah’ın varlığından və axirətdən xəbərsiz kimi yaşayır.

Bu cəmiyyətin insanları üçün dünya həyatı tək meyardır. Halbuki, dünya həyatı insana aldanışdan başqa bir şey vermir:

Bilin ki, dünya həyatı oyun-oyuncaq, bərbəzək, bir-birinizin qarşısında öyünmək və mal-dövləti, oğul-uşağı çoxaltmaqdan ibarətdir. Bu elə bir yağışa bənzəyir ki, onun yetişdirdiyi bitki əkinçilərin xoşuna gələr. Sonra o quruyar və sən onun saralıb-solduğunu, daha sonra çör-çöpə döndüyünü görərsən. (Dünya malına aldananları) axirətdə şiddətli əzab, (dünya malına uymayanları isə) Allah’dan bağışlanma və razılıq gözləyir. Dünya həyatı aldanışdan başqa bir şey deyildir.

(Hədid surəsi, 20)

Allah’ı unutmuş cəmiyyət qısa müddətdə yeganə meyar olaraq dünya həyatını seçən cahiliyyə mədəniyyətini meydana gətirir. Bu mədəniyyətin içində atalardan miras qalan batil inanclar, mənfəətlərə əsaslanan saysız- hesabsız qaydalar vardır. Adamlıq dini bəhs olunan cahiliyyə mədəniyyətinin adıdır.

Bu cəmiyyətdə doğulan insan isə bu mədəniyyəti uzun müddət davam edən təhsillə mənimsəyir. Şüur qazanmağa başladığı andan etibarən əvvəl ailəsi, sonra da yaxınları tərəfindən adamlıq dininin mədəniyyəti ilə tərbiyə olunur. Getdikcə öz şəxsi mənfəətləri üçün digər insanlardan istifadə etməyi, “gəmisini qurtaran kapitan” olmağı, mal və mövqe həvəsini öyrənir. Cahiliyyə cəmiyyəti ona adam olmaq üçün nələr etməsinin lazım olduğunu bir-bir öyrədir.